XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) “BDU-nun Media problemləri jurnalı”nın təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən jurnalın baş redaktoru – BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli nəşrin hədəfləri və uğurlu fəaliyyəti barədə məlumat verib. O, jurnalın müasir medianın çağırışlarını elmi müstəvidə təhlil və müzakirə etmək üçün vahid platformaya çevrildiyini bildirib.
Qulu Məhərrəmli qeyd edib ki, ötən ilin iyun ayından fəaliyyət göstərən və müasir jurnalistikanın elmi-nəzəri problemlərini işıqlandıran rüblük nəşrin bu günədək 4 nömrəsi işıq üzü görüb. Jurnalda ölkəmizlə yanaşı, müxtəlif türk dövlətlərinin, həmçinin Rusiya və Ukraynanın elm adamlarının Azərbaycan, rus, ingilis və türk dillərində məqalələri yer alır. Baş redaktor nəşrin aktuallığını daim qoruduğunu vurğulayıb: “Jurnalın xüsusilə son nömrəsinin ana dilinin saflığının qorunması məsələlərinə həsr edilməsi təsadüfi deyil. Çünki Azərbaycan dili bizim milli kimliyimizin, milli yaddaşımızın və mənəvi varlığımızın əsas sütunlarından biridir”.
Daha sonra çıxış edənlər – BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Media və Yayım Şurasının sədri Əhməd İsmayılov, AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, “525-ci qəzet”in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid, BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Sabir Məmmədli, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova, Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Arzu İsayeva və əməkdar jurnalist Namiq Əhmədov dərginin əhəmiyyətini yüksək qiymətləndiriblər. Natiqlər “BDU-nun Media problemləri jurnalı”nı müasir medianın elmi müstəvidə araşdırılması baxımından unikal bir nümunə adlandırıblar. Çıxışçılar nəşrin tezliklə beynəlxalq indeksli elmi jurnallar siyahısına daxil olacağına və media sahəsindəki problemlərin həllinə böyük töhfə verəcəyinə inamlarını ifadə ediblər.