“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbələri üçün “SABAH.city”də müasir biologiya, tibb və biotexnologiyanın aktual istiqamətlərinə həsr olunmuş silsilə elmi seminarlar keçirilib.
Seminarların məqsədi tələbələri müasir elmi yeniliklər, innovativ texnologiyalar və elmi tədqiqatların praktik tətbiq imkanları ilə tanış etmək, onların elmi dünyagörüşünü genişləndirmək və tədqiqat fəaliyyətinə marağını artırmaq olub.
İlk seminarda Nüvə Təbabəti Mərkəzinin mütəxəssisi Mirsaleh Vəliyev “Müasir dərman texnologiyaları və onkologiyada tətbiqi” mövzusunda çıxış edib. Məruzədə müasir dərman texnologiyalarının inkişaf istiqamətləri, onkoloji xəstəliklərin müalicəsində innovativ yanaşmalar və yeni texnologiyaların tibbdə tətbiqi məsələləri diqqətə çatdırılıb.
Növbəti seminarda Biologiya fakültəsinin doktorantı Leyla Qələndərli “Təbii maddələrin bioloji təsirinin kompüter modelləşdirilməsi” mövzusunda məruzə edib. Seminarda təbii mənşəli birləşmələrin bioloji aktivliyinin kompüter üsulları ilə tədqiqi, molekulyar modelləşdirmə yanaşmaları və müasir hesablama metodlarının biologiya və farmakologiya sahələrində tətbiq imkanlarından bəhs olunub.
Silsilənin sonuncu seminarında Biologiya fakültəsinin doktorantı Ağca Vəliyeva “Biotexnologiya və qida: istehsaldan keyfiyyətə” mövzusunda təqdimat edib. Məruzədə qida istehsalında biotexnoloji üsulların tətbiqi, müasir istehsal texnologiyaları, qida məhsullarının keyfiyyətinin təmin olunması və biotexnologiyanın qida sənayesində rolu haqqında məlumat verilib.
Silsilə seminarlar çərçivəsində tələbələr tibb, molekulyar biologiya, kompüter modelləşdirilməsi və qida biotexnologiyası sahələrində müasir elmi yanaşmalarla tanış olublar.