İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Yaşıl enerji dəhlizləri: Azərbaycanın strateji baxışı” mövzusunda ustad dərsi keçirilib.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə keçirilən ustad dərsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktorunun müavini, iqtisad elmləri doktoru Ramil Hüseyn məruzə ilə çıxış edib.
Məruzədə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində ölkəmizin “yaşıl artım” ölkəsinə çevrilməsi istiqamətində müəyyən edilmiş hədəflərdən bəhs olunub. Bildirilib ki, bu prioritet çərçivəsində yaşıl enerjiyə keçidin dəstəklənməsi, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və dayanıqlı enerji sisteminin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.
Diqqətə çatdırılıb ki, qəbul edilmiş yol xəritəsinə əsasən, Azərbaycanda 2030-cu ilədək 6 giqavat, 2032-ci ilədək isə 8 giqavat gücündə yaşıl enerji istehsal edən külək və günəş elektrik stansiyalarının istismara verilməsi nəzərdə tutulur. Bununla yanaşı, ölkədə istehsal olunacaq “yaşıl enerji”nin investisiyalaşdırılması və beynəlxalq enerji bazarlarına çıxarılması məsələləri də müzakirə olunub.
Qeyd edilib ki, Azərbaycanın yaşıl enerji potensialının ixracı üçün “Xəzər–Qaradəniz–Avropa”, “Azərbaycan–Türkiyə–Avropa” və “Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa” enerji dəhlizləri mühüm strateji əhəmiyyət kəsb edir.
Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.