BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

Bakı Dövlət Universiteti (BDU) və Özbəkistan Respublikası Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Özbəkistan Respublikası Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutunun direktoru Esemurat Kanyazov imzalayıblar.
Memorandumda hüquq təhsili, hüquqşünas kadrların yenidən hazırlanması və ixtisasartırması sahəsində təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin, konfrans, seminar, simpozium, qısamüddətli kurs və təlimlərin təşkili, eləcə də ortaq elmi tədqiqatların aparılması nəzərdə tutulur.
Sənəddə elmi jurnallarda birgə nəşrlərin hazırlanması, ortaq akademik proqramların, tədris planları və sillabusların işlənməsi, professor-müəllim heyətinin, hüquqşünas-mütəxəssislərin, tədqiqatçıların və tələbələrin mübadiləsi kimi məsələlər öz əksini tapıb.