BDU-da ustad dərsi: “Azərbaycanın Yaxın Şərq və Afrika ölkələri ilə münasibətləri: inkişaf dinamikası və gələcəyə strateji baxış”

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 35 illik yubileyi çərçivəsində fakültənin məzunu, Xarici İşlər Nazirliyinin (XİN) Yaxın Şərq və Afrika İdarəsinin rəisi Elməddin Mehdiyevin iştirakı ilə ustad dərsi keçirilib.
“Azərbaycanın Yaxın Şərq və Afrika ölkələri ilə münasibətləri: inkişaf dinamikası və gələcəyə strateji baxış” mövzusuna həsr olunan görüşdə çıxış edən Elməddin Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzunun artdığını və orta güc dövləti kimi mövqeyinin möhkəmləndiyini diqqətə çatdırıb. O, Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar, eləcə də ölkəmizin güclənən xarici siyasət xətti və müasir prioritetləri barədə ətraflı məlumat verib.
Mühazirədə Azərbaycanın Qoşulmama Hərəkatına və COP29 kimi nüfuzlu qlobal platformalara uğurlu sədrlik təcrübəsindən bəhs olunub. Həmçinin qarşıdakı dövrdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyin ölkəmizə keçməsinin Yaxın Şərq və Afrika dövlətləri ilə siyasi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi baxımından açdığı yeni strateji imkanlar vurğulanıb.
Görüş zamanı diplomatik xidmətdə karyera quruculuğu, gənc mütəxəssislər üçün mövcud imkanlar və müasir diplomatın malik olmalı olduğu zəruri peşəkar bacarıqlar barədə tələbələrə tövsiyələr verilib.
İnteraktiv formatda davam edən ustad dərsinin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 35 illik yubileyi münasibətilə təsdiq olunmuş tədbirlər planı çərçivəsində silsilə ustad dərsləri, respublika elmi konfransı və elmi-intellektual müsabiqələr təşkil olunur.