BDU-da süni intellektin təhsildə tətbiqi məsələləri araşdırılır

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Süni intellekt etikası kafedrasında “Süni intellektin təhsildə tətbiqi məsələləri” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda Süni intellekt etikası kafedrasının müdiri Rafiq Ələkbərov və kafedranın saathesabı müəllimi Nuriyyə Mustafayeva çıxış edərək müasir dövrdə süni intellekt texnologiyalarının təhsil sistemində rolu və perspektivləri barədə ətraflı məlumat veriblər.
Rafiq Ələkbərov bildirib ki, generativ dil modelləri tələbələrin suallarının cavablandırılması, mövzuların izahı və akademik mətnlərin hazırlanmasında mühüm dəstək alətinə çevrilib. Onun sözlərinə görə, “ChatGPT” kimi platformalar tədris prosesində interaktivliyin artırılmasına xidmət edir. Eyni zamanda, “Google Gemini” müxtəlif fənlər üzrə məlumat axtarışı və analitik düşünmə bacarıqlarının inkişafı, “Claude” süni intellekt sistemi isə mətnlərin təhlili və strukturlaşdırılması baxımından effektiv imkanlar yaradır.
Kafedra müdiri qeyd edib ki, adaptiv öyrənmə sistemləri tələbələrin bilik səviyyəsini təhlil edərək onların fərdi ehtiyaclarına uyğun tədris məzmununun formalaşdırılmasına şərait yaradır. Süni intellekt əsaslı qiymətləndirmə mexanizmləri isə test və yazılı işlərin avtomatik yoxlanılmasını təmin etməklə obyektivliyin artırılmasına xidmət edir.
Süni intellekt etikası kafedrasının saathesabı müəllimi Nuriyyə Mustafayeva çıxışında vurğulayıb ki, təhsil müəssisələrində tətbiq olunan süni intellekt əsaslı təhlil sistemləri tələbələrin akademik göstəricilərinin proqnozlaşdırılmasına və erkən müdaxilə mexanizmlərinin hazırlanmasına imkan verir. O bildirib ki, virtual tədris köməkçiləri real vaxt rejimində sualları cavablandıraraq təlim prosesinin fasiləsizliyini təmin edir.
Çıxışçılar süni intellekt texnologiyalarının inklüziv təhsil mühitinin yaradılmasında, xüsusi qayğıya ehtiyacı olan tələbələr üçün uyğunlaşdırılmış resursların hazırlanmasında, eləcə də plagiatın aşkarlanması və akademik dürüstlüyün qorunmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.
Sonda qeyd olunub ki, süni intellektin təhsil sahəsində tətbiqi tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, resurslardan səmərəli istifadə və öyrənmə nəticələrinin optimallaşdırılması üçün əhəmiyyətlidır.