BDU-da professor Əkbər Bayramovun 95 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı

Bakı Dövlət Universitetində (BDU) professor Əkbər Bayramovun 95 illik yubileyinə həsr olunmuş “Nəzəriyyədən praktikaya” mövzusunda Respublika elmi konfransı keçirilir.
Konfransın açılış mərasimində çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov professor Əkbər Bayramovun həm elmi, həm də pedaqoji fəaliyyəti ilə Azərbaycan psixologiya elminə mühüm töhfələr vermiş görkəmli alim olduğunu deyib. Bildirib ki, onun tədqiqatları hüquqi psixologiya, etnik psixologiya, pedaqoji və sosial psixologiya sahələrini əhatə edib, alim çoxsaylı monoqrafiya və elmi əsərləri ilə ölkəmizdə elmi fikrin inkişafına xidmət göstərib: “Əkbər müəllimin tədqiqatları, xüsusilə hüquqi və etnik psixologiya sahəsində aparılmış araşdırmaları bu gün də aktualdır. O, hüquqi psixologiya sahəsində kadr potensialının zəif olduğu bir vaxtda bu sahədə tədqiqatlar aparmaqla gələcək nəsillər üçün möhkəm təməl yaradıb. Professor Əkbər Bayramovun həyat və yaradıcılığı bir məktəbdir – elmə, insanlığa və mənəviyyata bağlılığın məktəbi. Əkbər Bayramov öz fəaliyyəti ilə yalnız bir alim obrazı deyil, həm də mənəviyyat simvoluna çevrilib. 1930-cu ilin dekabrında Ağdam rayonunun Əlmədətli kəndində dünyaya göz açan alim sadə, zəhmətkeş bir ailədə böyüyüb. Erkən yaşlardan təhsilə maraq göstərib və 1945-1949-cu illərdə Ağdam Pedaqoji Texnikumunu bitirib. Daha sonra Bakı Dövlət Universitetində təhsilini davam etdirərək psixologiya elminin sirlərinə yiyələnib. Təhsilə və elmi axtarışlara olan bağlılığı, bu sahədəki yorulmaz fəaliyyəti onu Azərbaycan psixologiyasının tanınmış simalarından birinə çevirib. Universitetimizdə belə alimlərin xatirəsini yaşatmaq bizim borcumuzdur. Bu gün keçirilən konfransın əsas məqsədi də yalnız xatırlamaq deyil, yeni nəsli bu dəyərli ziyalı ilə tanış etmək, onun ideyalarının davamçılarını formalaşdırmaqdır”.
Sonra professor Əkbər Bayramovun həyat yolunu özündə əks etdirən videoçarx nümayiş etdirilib.
BDU-nun Sosial elmlər və psixologiya fakültəsin dekanı Rövşən Cavadov qeyd edib ki, professor Əkbər Bayramovun elmi irsi psixoloji tədqiqatlarda fundamental əhəmiyyətə malikdir. Onun apardığı araşdırmalar xüsusilə təfəkkür müstəqilliyinin, tənqidiliyin və iradi müstəqilliyin insan inkişafında rolu ilə bağlı aktual yanaşmalar təqdim edir. Bu baxımdan onun yaratdığı elmi məktəb sistemli və çoxşaxəli tədqiqat istiqamətləri ilə seçilir. Əkbər Bayramovun rəhbərliyi altında aparılan elmi işlərdə təfəkkür müstəqilliyi təkcə biliyin sərbəst şəkildə tətbiqi deyil, eyni zamanda iradi və tənqidi bacarıqların vəhdəti kimi qiymətləndirilir: “Əkbər Bayramov həm də böyük şəxsiyyət, müdrik bir pedaqoq idi. Onun şəxsiyyətində alimliklə insanlıq, elmlə mənəviyyat, tələbkarlıqla humanistlik vəhdət təşkil edirdi”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, BDU-nun Psixologiya kafedrasının müdiri, professor Səxavət Əliyeva, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova, Pedaqogika kafedrasının müdiri, professor Ləzifə Qasımova, professor Hikmət Əlizadə və professor Əkbər Bayramovun ailəsi adından kafedranın müəllimi Nigar Nəsirova alimlə bağlı xatirələrindən söz açıb, onun sosial elmlər istiqamətində verdiyi töhfələrin daim tədqiq ediləcəyini bildiriblər.