BDU-da “Neft-qaz hövzələrinin geologiyası” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək

Bakı Dövlət Universitetində (BDU) geologiya elminin strateji istiqamətlərindən biri hesab olunan “Neft-qaz hövzələrinin geologiyası” magistr ixtisaslaşması üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması nəzərdə tutulur.
Bu ixtisas çərçivəsində magistrantlara neft və qazın əmələ gəlməsi, generasiyası, miqrasiyası, akkumulyasiyası və qorunub saxlanıldığı çökmə hövzələrinin geoloji quruluşu, təkamül tarixi və inkişaf qanunauyğunluqları haqqında fundamental biliklər veriləcək. Tədris prosesində neft-qaz hövzələrinin tektonik quruluşu, stratigrafiyası, sedimentoloji xüsusiyyətləri, paleocoğrafi inkişaf mərhələləri və geodinamik təkamülü ətraflı şəkildə öyrədiləcək.
Proqram çərçivəsində neft-qaz sistemlərinin kompleks təhlili və modelləşdirilməsi xüsusi yer tutacaq. Magistrantlar geoloji, geofiziki və geokimyəvi məlumatların inteqrasiyası əsasında üçölçülü geoloji modellərin qurulması, karbohidrogen perspektivliyinin proqnozlaşdırılması, yeni yataqların axtarışı və mövcud yataqların daha dəqiq qiymətləndirilməsi üzrə nəzəri və praktiki bacarıqlara yiyələnəcəklər.
İxtisaslaşma üzrə “Elmi tədqiqat metodologiyası”, “Akademik yazı və elmi kommunikasiya”, “Geologiyada müasir informasiya texnologiyaları”, “GIS və geoloji məlumat bazaları”, “Neft-qaz hövzələrinin geologiyası”, “Çökmə hövzələrinin analizi”, “Neft geologiyası”, “Qaz geologiyası”, “Neft və qazın geokimyası”, “Struktur geologiya və tektonika”, “Karbohidrogen yataqlarının geoloji modelləşdirilməsi”, “Layların petrofizikası”, “Ehtiyatların hesablanması və qiymətləndirilməsi”, “Geofiziki tədqiqat üsulları”, “Seysmik məlumatların interpretasiyası”, “Qazma geologiyası” və “Yataqların işlənməsinin geoloji əsasları” kimi fənlərin tədrisi nəzərdə tutulur.
Məzunlar gələcəkdə SOCAR və onun müəssisələrində, neft-qaz kəşfiyyatı və hasilatı şirkətlərində, geoloji və geofiziki xidmət təşkilatlarında, elmi-tədqiqat institutlarında, konsaltinq və geoloji modelləşdirmə şirkətlərində, eləcə də universitet və tədqiqat mərkəzlərində fəaliyyət göstərə biləcəklər.
Yeni magistr ixtisaslaşması neft-qaz hövzələrinin geoloji quruluşunu kompleks şəkildə təhlil edə, geoloji-geofiziki məlumatları interpretasiya edə və karbohidrogen ehtiyatlarını elmi əsaslarla qiymətləndirə bilən peşəkar kadrların hazırlanmasına xidmət edəcək.