BDU-da “Mülki prosesdə sübutlar” mövzusunda elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş “Mülki prosesdə sübutlar” mövzusunda elmi seminar keçirilib.
Seminarda BDU-nun Mülki proses və kommersiya hüququ kafedrasının doktorantı Seymur Hüseynov məruzə edib. Məruzə zamanı Azərbaycan, Almaniya və Sloveniya qanunvericiliyinin müqayisəli təhlili fonunda sübutetmə prosesinin müasir aspektləri və hakimin bu prosesdəki rolu müzakirə olunub.
Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, sübutetmə vəzifəsi tərəflərin üzərinə düşür və hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, tərəflərə əlavə sübutlar təqdim etməyi təklif edə bilər.
Seminar çərçivəsində prosesin rəqəmsallaşması ilə bağlı məsələlərə də toxunulub və yazılı sübutların “Elektron məhkəmə” sistemi vasitəsilə təqdim edilməsi mexanizmləri müzakirə edilib.
Elmi seminarda aparılan müzakirələr mülki mühakimə icraatında sübutların əldə edilməsi zamanı tərəflərin rəqabətlilik prinsipi ilə hakimin aktiv fəaliyyəti arasındakı balansın qorunmasının vacibliyi ilə bağlı olub. Tədbirin sonunda müxtəlif hüquq sistemlərinin mütərəqqi normalarının milli qanunvericilikdə tətbiqi imkanlarına dair təkliflər səsləndirilib.