BDU-da “Heydər Əliyev mühazirələri”: professor Misir Mərdanovla görüş

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatı və Heydər Əliyev muzeyinin birgə təşəbbüsü ilə keçirilən “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti qonağı AMEA-nın müxbir üzvü, Mexanika-riyaziyyat fakültəsinin Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, professor Misir Mərdanov olub.
Tədbiri giriş sözü ilə açan BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Ümummilli Lider, BDU-nun dünyaşöhrətli məzunu Heydər Əliyevin siyasi irsinin xalqımızın milli sərvəti olduğunu deyib. Universitetin dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki strateji rolundan danışıb. O, belə layihələrin gənc nəslin dövlətçilik təfəkkürünün formalaşdırılmasında və yüksək potensiallı kadrların yetişdirilməsində müstəsna əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Sonra professor Misir Mərdanov Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu, fitri liderlik xüsusiyyətləri və yüksək intellektual keyfiyyətləri barədə ətraflı məruzə edib. O, Ulu Öndərin ölkənin sosial-iqtisadi inkişafı, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqlarının qorunması istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti və zəngin irsinin dövlətçilik tariximizin ən mühüm mərhələsi olduğunu deyib. Professor Ümummilli Liderin təhsilə və elmə göstərdiyi xüsusi diqqəti vurğulayaraq, bu sahələrin ölkənin gələcək inkişafında, milli kadr potensialının formalaşdırılmasında və cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsində mühüm rol oynadığını bildirib. Uzun illər təhsil sahəsində müxtəlif vəzifələrdə, o cümlədən təhsil naziri vəzifəsində fəaliyyət göstərən Misir Mərdanov öz zəngin təcrübəsini və Ulu Öndərlə bağlı xatirələrini tələbələrlə bölüşüb. O, Azərbaycanda təhsil sisteminin inkişafı, tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi potensialın gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib, bunun gənc nəslin dünyagörüşünün formalaşmasına, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsinə və müasir çağırışlara uyğun düşünən vətəndaşlar kimi yetişməsinə xidmət etdiyini deyib.
İnteraktiv formatda davam edən mühazirənin sonunda professor Misir Mərdanov tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.