BDU-da elmi seminar: “Mədəni irs nümunələrinin mühafizəsində kitabxanaların rolu”

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində növbəti elmi seminar keçirilib. Elmi seminarda Azərbaycan Milli Kitabxanasının direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova “Mədəni irs nümunələrinin mühafizəsində kitabxanaların rolu” mövzusunda məruzə edib.
Azərbaycan Milli Kitabxanasının iş təcrübəsi əsasında təqdim edilən məruzədə müasir informasiya cəmiyyətində kitabxanaların rolundan bəhs edilib. Bildirilib ki, kitabxanalar yalnız informasiya təminatı funksiyasını yerinə yetirən qurumlar deyil, eyni zamanda milli-mədəni irsin qorunması, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsində mühüm missiya daşıyan elmi-mədəni institutlardır: “Kitabxana fondlarında qorunan nadir və qiymətli əlyazmalar, nəşrlər, tarixi sənədlər və digər informasiya resursları mədəni irsin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Bu resursların qorunması, mühafizəsi və elmi dövriyyəyə cəlb edilməsi kitabxana fəaliyyətinin əsas istiqamətlərindən biridir”.
Məruzədə Milli Kitabxananın fondunda mühafizə olunan nadir əlyazma nüsxələri, dünyanın müxtəlif ölkələrində çap olunmuş nadir çap kitablarının nüsxələri, milli-mədəni irsimizin ayrı-ayrı dövrlərini əks etdirən tarixi sənədlər barədə geniş məlumat verilib: “Zəngin kitab fonduna malik Milli Kitabxanada Azərbaycan kitab mədəniyyətinin ilk nümunələri – əlyazma kitabları, daşbasma üsulu ilə çap olunmuş ilk çap kitabları, XIX əsrdən bu günədək nəşr olunan dövri mətbuat nümunələri toplanmışdır. Kitabxananın “Nadir kitablar və kitabxana muzeyi” şöbəsində dünyanın 20‐ə yaxın dilində ən qədim kitablar, müxtəlif elm sahələrinə aid fundamental tədqiqat əsərləri, qiymətli sorğu ədəbiyyatları mühafizə olunur”. Araşdırmada həmçinin Azərbaycan Milli Kitabxanasında həyata keçirilən rəqəmsallaşdırma layihələri, elektron informasiya resurslarının yaradılması, milli biblioqrafik məlumat bazalarının formalaşdırılması və beynəlxalq informasiya mübadiləsi sahəsində görülən işlər diqqətə çatdırılıb. Vurğulanıb ki, müasir texnologiyaların tətbiqi kitabxana fondlarında saxlanılan mədəni irs nümunələrinin qorunmasına və onların geniş istifadəçi auditoriyası üçün əlçatanlığının təmin edilməsinə yeni imkanlar yaradır.
Elmi seminar müzakirələrlə davam edib.