BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin dekanı, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Elçin Məmmədov, Azərbaycan dilçiliyi kafedrasının müəllimləri, filologiya üzrə fəlsəfə doktorları Ramil Bayramov və Pərvin Eyvazovun həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” adlı monoqrafiya nəşr olunub.
Monoqrafiya 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinə və Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Tofiq Hacıyevin anadan olmasının 90 illik yubileyinə ithaf edilib.
Üç fəsildən ibarət əsərdə Birinci Türkoloji Qurultayın türk xalqlarının milli-mənəvi oyanışında, elmi-mədəni inkişafında və ideoloji düşüncəsinin formalaşmasında oynadığı tarixi rol geniş şəkildə araşdırılır. Kitabda əlifba islahatı yeni əlifbaya keçidin nəzəri və konseptual əsasları kontekstində təhlil olunur, bu prosesin türk xalqlarının modernləşməsinə təsiri göstərilir. Eyni zamanda ədəbi dil məsələsi lokal dil mühitindən ümumtürk kommunikasiya məkanına keçid ideyası əsasında araşdırılır. Müəlliflər qurultayın qəbul etdiyi qərarların türk xalqları arasında dil birliyinin və mədəni yaxınlaşmanın möhkəmlənməsindəki rolunu elmi faktlarla əsaslandırırlar.
Monoqrafiyanın əsas üstünlüklərindən biri Birinci Türkoloji Qurultayın yalnız tarixi hadisə kimi deyil, həm də türk xalqları arasında dil birliyi ideyasının konseptual əsaslarının formalaşdığı mühüm intellektual platforma kimi tədqiq edilməsidir. Əsərdə müxtəlif arxiv materiallarından, qurultayın stenoqramlarından, dövri mətbuat nümunələrindən və müasir elmi araşdırmalardan geniş istifadə olunub, mövcud faktlar yeni metodoloji yanaşmalar əsasında təhlil edilib. Bu yanaşma mövzunun obyektiv və sistemli şəkildə öyrənilməsinə imkan yaradıb.
Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi BDU-nun Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədovdur. Rəyçilər BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Mətanət Abdullayeva, Türkiyənin Fırat Universitetinin Müasir türk dilləri və ədəbiyyatları kafedrasının professoru Süleyman Kaan Yalçın, AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Vəfa Abdullayeva-Nəbiyeva, redaktoru isə BDU-nun Ümumi dilçilik kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Anar Fərəcovdur.
Monoqrafiya türkoloji dilçilik sahəsində çalışan alimlər, professor-müəllim heyəti, gənc tədqiqatçılar, tələbələr və bu istiqamətdə maraq göstərən geniş oxucu auditoriyası üçün dəyərli elmi mənbədir.