Mədəniyyət-Yaradıcılıq Mərkəzi

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzi 2020-ci ildə özfəaliyyət klubunun bazasında yaradılmışdır. Əsas vəzifəsi mədəni-kütləvi tədbirlər, müsabiqə və festivallar keçirmək, Universitetin əməkdaş və tələbələrin öz yaradıcılıqlarını üzə çıxartması və inkişaf etdirmsi üçün şərait yaratmaq, onların asudə vaxtlarının səmərəli formada keçirilməsini təşkil etmək, eləcə də tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, ölkədə aparılan mədəniyyət siyasətinin mahiyyətinin tələbələrə aşılanması, ümumbəşəri və milli-mənəvi dəyərlərin qorunub saxlanılması, multikultural və mənəvi dəyərlərin universitetdə təşviqini həyata keçirmək və s.-dir.

Mərkəz müntəzəm olaraq kütləvi tədbirlər, ədəbi-bədii gecələr, yeni kompozisiyalar, müsabiqə, sərgi və konfransların təşkilatçısı kimi Universitetdə həyata keçirilən sosial layihələrdə yaxından iştirak edir. Ölkədə aparılan genişmiqyaslı layihələrdə, müxtəlif ədəbi-bədii tədbirlərdə BDU əməkdaş və tələbələrinin fəal iştirakının təmin olunması istiqamətində iş aparır, istedadlı tələbələrin yaradıcılıqlarının üzə çıxarılması və inkişafında fəal rol oynayır.

Mərkəzdə tələbə qızlardan və oğlanlardan ibarət instrumental və rəqs ansamblı, xor, rəsm və dram dərnəyi fəaliyyət göstərir.

Mərkəz BDU tələbələrinin respublika müsabiqə və festivallarında iştirakı istiqamətində səmərəli fəaliyyət göstərir. Gənclər və İdman Nazirliyinın təşəbbüsü ilə keçirilən “Tələbə baharı” ümumrespublika tələbə-yaradıcılıq festivalında BDU-nun tələbələri ənənəvi olaraq yüksək yerlərə layiq görülürlər.

Dram dərnəyinin üzvlərinin quruluşu və ifasında tamaşalar səhnələşdirilir, BDU tələbələri qarşısında və teatr səhnələrində nümayiş etdirilir. Mərkəz eyni zamanda BDU TV ilə birgə  videoçarxlar, kompozisiyalar hazırlayaraq ictimaiyyətə təqdim edir.