RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi BDU-da ustad dərsi keçib: “Çoxqatlı təhlükəsizlik arxitekturası”

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələrinə “Çoxqatlı təhlükəsizlik arxitekturası” mövzusunda ustad dərsi keçib.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, professor Ələkbər Əliyev müasir dövrdə informasiya təhlükəsizliyinin cəmiyyət, dövlət və təhsil müəssisələri üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, belə tədbirlərin tələbələrdə müasir risklərə qarşı daha yüksək bilik və məsuliyyət formalaşdırdığını qeyd edib.
Fakültədə fəaliyyət göstərən “Kiber klub”un rəhbəri, dosent Natiq Quliyev klubun fəaliyyəti və həyata keçirdiyi təşəbbüslər haqqında məlumat verib, tələbələrin kibertəhlükəsizlik istiqamətində praktiki biliklərinin artırılmasının vacibliyini diqqətə çatdırıb.
Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov ustad dərsində çoxqatlı təhlükəsizlik arxitekturasının rəqəmsal sistemlərin və məlumatların qorunmasında mühüm rol oynadığını bildirib, müasir kibertəhdidlərin mürəkkəb xarakterinin vahid müdafiə vasitəsi ilə deyil, bir-birini tamamlayan təhlükəsizlik qatları ilə daha effektiv şəkildə qarşılandığı vurğulayıb. Çıxış zamanı minimum səlahiyyət prinsipi, dərinləşdirilmiş müdafiə prinsipi və təhlükəsiz standart ayarlar prinsipi xüsusi olaraq diqqətə çatdırılıb, fiziki təhlükəsizlik, perimetr təhlükəsizliyi, şəbəkə təhlükəsizliyi, endpoint təhlükəsizliyi, tətbiq təhlükəsizliyi və məlumat təhlükəsizliyinin vahid sistemin əsas tərkib hissələri olduğu bildirilib. Təqdimatda həmçinin istifadəçi maarifləndirilməsi və davranış təhlükəsizliyinin bu arxitekturanın ayrılmaz elementi olduğu qeyd olunub, texniki həllərlə yanaşı, insan amilinin də kibertəhlükəsizlikdə həlledici rol oynadığı vurğulanıb. Çıxışda risklərin əvvəlcədən qiymətləndirilməsi, təhlükəsizlik siyasətlərinin yenilənməsi və beynəlxalq standartların tətbiqinin vacibliyi barədə ətraflı məlumat verilib.
Tədbir iştirakçıları təqdim olunan yanaşmaların həm dövlət, həm özəl, həm də təhsil sektorunda praktik əhəmiyyətini yüksək qiymətləndiriblər.
Sonda Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov tələbələr və Universitet əməkdaşlarının mövzu ilə bağlı suallarını cavablandırıb.