Özbəkistanın Termez Dövlət Universitetinin nümayəndə heyəti BDU-nun Filologiya fakültəsində

Özbəkistanın Termez Dövlət Universitetinin bir qrup müəllimi Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində olub.
Termez Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Şoxista Maxmaraimova, filologiya üzrə fəlsəfə doktorları Rano Mardanova, Şakir Kenjebayev və Mukkaddam Haydarova fakültənin Türkologiya kafedrasının əməkdaşları ilə görüşüblər.
Türkologiya kafedrasının müdiri Məhərrəm Məmmədov Universitetdə tədris olunan özbək dili və ədəbiyyatı proqramları haqqında qonaqlara məlumat verib. O, həmçinin BDU-da türk xalqlarının tarixinin və mədəniyyətinin öyrənilməsinə göstərilən diqqətdən bəhs edib.
Termez Dövlət Universitetinin nümayəndələri təmsil etdikləri ali təhsil müəssisəsində Azərbaycan dili və ədəbiyyatına böyük maraq olduğunu vurğulayıblar. Onlar yaxın gələcəkdə Azərbaycan dili və ədəbiyyatının universitetin tədris proqramlarına daxil edilməsinin planlaşdırıldığını bildiriblər.
Görüşdə Azərbaycan və Özbəkistan arasında elmi-mədəni əlaqələrin, eləcə də türk xalqlarının dil və ədəbiyyatının öyrənilməsi sahəsində akademik əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.