BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir

Bakı Dövlət Universiteti (BDU) 21–27 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan builki sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında keçirilir.
BDU-nun sərgi stendində Universitet alimlərinin son iki ildə ərsəyə gətirdikləri elmi və tədris nəşrləri geniş şəkildə təqdim olunur. Burada professor-müəllim heyətinin 2025-2026-cı illərdə nəşr olunmuş kitabları, dərslikləri və dərs vəsaitləri ilə yanaşı, “Bakı Universitetinin Xəbərləri” elmi jurnalının dörd seriyası, fakültələrin konfrans materialları və monoqrafiyalar nümayiş etdirilir. Nəşrlər universitetin elmi fəaliyyətinin müxtəlif istiqamətlərini və tədris sahəsindəki nəşr potensialını əks etdirir.
Sərgi iştirakçıları BDU-nun tarixi, fəaliyyəti, elmi araşdırmaları və pedaqoji nailiyyətləri haqqında məlumat verən videoçarxı da izləyə bilərlər. Universitetin nümayəndələri stendə gələn ziyarətçiləri nəşrlərlə tanış edir, kitablar və digər elmi materiallar barədə ətraflı məlumat verirlər. Həmçinin üzərində BDU-nun loqosu olan çap məhsulları, bloknotlar, bukletlər, qeyd vərəqləri və qələmlər ziyarətçilərə hədiyyə edilir.
Bu il universitetin sərgidə iştirakı kitabların və elmi nəşrlərin nümayişi ilə yanaşı, bir sıra təqdimat və ədəbi-elmi tədbirlərlə də yadda qalacaq. Sərgi müddətində BDU-nun təşkilatçılığı ilə beş tədbir keçiriləcək. Oktyabrın 21-də "SOCAR” təqdimat zonasında akademik Nizami Cəfərovun “Birinci Türkoloji Qurultayın dərsləri” kitabı oxuculara təqdim olunacaq. Oktyabrın 22-də saat 10:00-da “Məhəmməd Füzuli” təqdimat zonasında BDU-nun Elmi Kitabxanasının “Şərq ülkəri” ədəbi məclisinin təşkilatçılığı ilə “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir keçiriləcək. Həmin gün saat 13:00-da eyni zonada “BDU-nun Şərqşünaslıq jurnalı”nın təqdimatı baş tutacaq. Oktyabrın 25-də saat 11:00-da konfrans zalında “BDU-nun Media problemləri” jurnalı, oktyabrın 27-də saat 10:00-da isə “SOCAR” təqdimat zonasında Jurnalistika fakültəsinin kafedra müdirləri Aynur Nəsirova və Xatirə Hüseynovanın “Radio jurnalistikası” dərsliyi təqdim ediləcək.
BDU-nun sərgidə iştirakı elmi nəşrlərin daha geniş auditoriyaya çatdırılmasına, Universitetin elmi və tədris fəaliyyətinin təbliğinə, eləcə də akademik mühitlə oxucular arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
BDU sərgi ziyarətçilərini universitetin stendi ilə tanış olmağa, təqdim olunan nəşrlərə nəzər salmağa və tədbirlərdə iştirak etməyə dəvət edir.