BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

“EkoSfera” Ekoloji-Sosial Mərkəzinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyi, ADA Universiteti, Bakı Dövlət Universiteti (BDU) və “Regional İnkişaf” İctimai Birliyinin tərəfdaşlığı ilə Azərbaycanda ikinci dəfə ikigünlük BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib.
“LCOY Azerbaijan 2026”nın əsas təşkilatçısı dayanıqlı inkişaf, ekoloji təhsil və gənclərin ətraf mühitlə bağlı qərarların qəbuluna fəal cəlb edilməsi sahəsində fəaliyyət göstərən “EkoSfera” Ekoloji-Sosial Mərkəzidir. Təşkilat YOUNGO-nun LCOY İş Qrupu tərəfindən ardıcıl ikinci il Azərbaycanda konfransın təşkilatçısı kimi seçilib. Konfrans ölkənin müxtəlif bölgələrindən gənc iqlim liderlərini, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrini, həmçinin ölkənin aparıcı ekspertlərini bir araya gətirib.
Sentyabrın 11-də ADA Universitetində öz işinə başlayan ikigünlük Konfransın açılış mərasimində ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev, COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, FAO-nun Azərbaycandakı nümayəndəsinin müavini Bariz Mehdiyev, “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva və “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin rəhbəri, COP29 Təşkilat Komitəsinin üzvü Firuzə Sultan-zadə çıxış edərək, iqlim dəyişikliyi ilə mübarizədə gənclərin liderlik missiyası və onların qərarvermə proseslərinə cəlb edilməsinin əhəmiyyətindən söz açıblar. Rəsmi hissənin sonunda ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin dekanı, professor Matteo Vittuarinin onlayn video mesajı nümayiş olunub.
Açılışdan sonra “LCOY, YOUNGO və UNFCCC — Kontekst Təqdimatı”, “Dayanıqlı Azərbaycan: İnfrastruktur və qida sistemləri” başlıqları altında plenar sessiyalar keçirilib. Birinci günün yekun hissəsində Milli Gənclər Bəyanatının hazırlanması üzrə giriş sessiyası təşkil olunub.
Sentyabrın 12-də BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində keçirilən Konfransın ikinci günü Azərbaycanın regionlarından olan gənclərin iştirakı ilə Milli Gənclər Bəyanatının hazırlanmasına həsr olunub.
İkinci gün ekspert çıxışları, tematik müzakirələr vasitəsilə iştirakçıların prioritetlərini, təkliflərini birləşdirən Bəyanatın müzakirəsi və konsensusla qəbulu ilə yekunlaşıb.
Qeyd edək ki, LCOY BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) daxilində fəaliyyət göstərən rəsmi gənclər şəbəkəsi YOUNGO-nun təşəbbüsü ilə keçirilir və gənclərin iqlim siyasətində iştirakını təmin etmək, innovativ ideyaların mübadiləsinə şərait yaratmaq və qlobal iqlim gündəminə töhfə vermək üçün əhəmiyyətli platforma rolunu oynayır. Hər il dünyanın 50-dən çox ölkəsində təşkil edilən bu konfranslar gənclərin qlobal iqlim siyasəti prosesinə daxil olmasının əsas mexanizmidir.