BDU-nun professoru Niftalı Qocayevin ustad dərsi

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının professoru Niftalı Qocayevin 27 mart – Azərbaycan Respublikasında “Elm Günü”nə həsr olunmuş ustad dərsi keçirilib.
Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev “Elm günü” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsis edildiyini xatırladıb. Qeyd edib ki, bu gün cəmiyyətin inkişafında elmin rolunu vurğulamaq, alimlərin əməyini qiymətləndirmək, elmi nailiyyətləri təbliğ etmək məqsədi daşıyır. Hər il olduğu kimi, bu il də Fizika fakültəsində “Elm günü” münasibətilə silsilə tədbirlər planlaşdırılıb, ustad dərsi həmin tədbirlərin ilkidir.
Fakültənin professor-müəllim heyəti, doktorant və tələbələrinin iştirak etdiyi ustad dərsində professor Niftalı Qocayev “Dispersiyanın elektron nəzəriyyəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə mövzu üzrə mövcud elmi biliklər təqdim olunub, müasir yanaşmalar izah edilib. Təqdim olunan materiallar ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.