BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin təşkilatçılığı ilə “Biotibb: Kəşfdən tətbiqə” (“Biomedicine: from discovery to impact”) adlı elmi tədbir keçirilib.
Tədbir elmi kəşflərin praktik tibbdə tətbiqi, süni intellektin dərmanların hazırlanmasında istifadəsi və fərdiləşdirilmiş cərrahi planlaşdırma sahələrində innovativ yanaşmaların müzakirəsinə həsr olunub.
Proqram çərçivəsində gənc tədqiqatçılar öz innovativ layihələrini təqdim ediblər. Tədqiqatçı Natiq Əhmədovun beynəlxalq əməkdaşlıq çərçivəsində hazırladığı “Project GALATEA” layihəsi pasiyentlərin fərdi anatomik xüsusiyyətlərinə uyğun 3D cərrahi modellərin yaradılmasını və fizioloji modelləşdirmə vasitəsilə əməliyyatların əvvəlcədən interaktiv planlaşdırılmasını nəzərdə tutur. Riyazi hesablamalara əsaslanan layihənin əsas məqsədi — cərrahi müdaxilələrin dəqiqliyini artırmaq, riskləri azaltmaq və bu texnologiyanın resursları məhdud olan xəstəxanalarda da tətbiqinə imkan yaratmaqdır.
Ayxan Əliyevin “Hesablama metodları əsasında nanodaşıyıcıların dizaynı” (“Computationally guided nanocarrier design”) adlı tədqiqatı isə xərçəng və digər ağır xəstəliklərin müalicəsində dərmanların hədəfə birbaşa və effektiv çatdırılmasını təmin edən nanodaşıyıcı sistemlərin qurulmasına həsr olunub. Layihədə metal-üzvi karkasların (MOF), xüsusilə PCN-222 materialının imkanları araşdırılır.
Tədqiqatçı Mədinə Nağıyevanın struktur biologiyası və bioinformatika sahəsinə aid olan “Mutation Compass” layihəsi zülallarda baş verən mutasiyaların onların üçölçülü (3D) strukturuna təsirini kompüter vasitəsilə təhlil edir. Proqram açıq məlumat bazalarından istifadə etməklə amin turşularının mövqelərini və mümkün struktur dəyişikliklərini araşdırır.
Amin Əhmədovun “NanoOS” layihəsi isə dərman kəşflərində süni intellekt və kompüter hesablamalarının tətbiqinə əsaslanır. Bu platforma elmi mənbələri, hesablama nəticələrini və laboratoriya sınaqlarını vahid mühitdə birləşdirir.
Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama Struktur Biologiyası qrupunun rəhbəri, Əməkdar elm xadimi Qərib Mürşüdov bütün çıxışçılarla elmi fikir mübadiləsi aparıb, təqdim olunan layihələrə dair tövsiyələrini bölüşüb. O, tədqiqatlarda istifadə oluna biləcək proqramlar və hesablama alətləri, elmi verilənlərin mənbəyi və etibarlılığı, eləcə də verilənlərin elmi dəyərinin düzgün qiymətləndirilməsinin əhəmiyyəti barədə fikirlərini bildirib. Eyni zamanda, layihələrin gələcək inkişafına dəstək məqsədilə konkret şəxslərlə elmi əlaqələrin qurulması və potensial əməkdaşlıq imkanları ilə bağlı təkliflər verib.