BDU “Kitabxana 5.0 və İnsan Mərkəzli Rəqəmsal Transformasiya” adlı ANKOSLink Beynəlxalq konfransında təmsil olunub

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) rəhbəri Cəmilə Yusifova 4–6 noyabr 2025-ci il tarixlərində Türkiyənin Ankara şəhərində keçirilən ANKOSLink 2025 Beynəlxalq konfransında iştirak edib.
“Kitabxana 5.0 və İnsan Mərkəzli Rəqəmsal Transformasiya” mövzusunda keçirilən ANKOSLink 2025 Türkiyə və regionun ən nüfuzlu nəşriyyat və kitabxanaçılıq platformalarından biri kimi bu il də 37 xarici ölkədən 700-dən çox mütəxəssisi bir araya gətirib. Tədbir Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Prezident Millət Kitabxanasında təşkil edilib.
Konfrans çərçivəsində kitabxana 5.0 və insan mərkəzli rəqəmsal transformasiyalar, rəqəmsal məzmunun qorunması və daimi əlçatanlığı, süni intellekt və etika, süni intellektin akademik kitabxana və nəşriyyatda rolu, beynəlxalq nəşriyyatlarla əməkdaşlığın gücləndirilməsi, peşəkar çağırışlar və informasiya bərabərliyi kimi mövzular müzakirə olunub.
Konfransın açılışı Prezident Kitabxanaları İdarəsinin müdiri Ayhan Tuğlu, ANKOS prezidenti İsmail Çetinkaya və Türkiyənin təhsil naziri Erol Özvarın çıxışları ilə baş tutub. Daha sonra "Clarivate" şirkətinin məsləhətçi direktoru Vəlid Həsən Türkiyədə elmi tədqiqatların "Open Access" istiqamətində inkişafı ilə bağlı təqdimatla çıxış edib. Növbəti günlərdə digər beynəlxalq şirkət və nəşriyyat nümayəndələrinin təqdimatları dinlənilib.
Üç gün davam edən tədbirdə Azərbaycandan Az.KİK-ə üzv olan ali təhsil müəssisə kitabxanalarının 10-dan çox nümayəndəsinin iştirakı BDU-nun Elmi Kitabxanası və Az.KİK-in koordinatorluğu ilə təşkil edilib. Azərbaycan nümayəndə heyəti beynəlxalq platformada həmkarlarla təcrübə və fikir mübadiləsi apararaq kitabxana sahəsindəki yeni tendensiyalar və innovativ yanaşmalarla tanış olub.
Konfransın rəsmi bağlanış mərasimi Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə həyata keçirilib.