BDU-da Zəfər Günü qeyd olunub
-lg.jpg)
Bakı Dövlət Universitetində (BDU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konfrans keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Zəfər Günü tariximizin ən şərəfli və qürurverici səhifələrindən biri, milli iradəmizin, sarsılmaz birliyimizin, Vətən sevgimizin və yenilməz ruhumuzun təntənəsi günüdür. Azərbaycan xalqı və dövləti 44 günlük Vətən müharibəsində bütün dünyaya milli birlik və sarsılmaz iradənin qarşısında heç bir qüvvənin duruş gətirə bilməməsini sübuta yetirib. Bu möhtəşəm Zəfərin memarı - Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi tarixi Qələbəmizi təmin etdi: “Hər bir böyük Zəfərin arxasında böyük fədakarlıq, ağır sınaqlar və misilsiz qəhrəmanlıq dayanır. Biz bu Qələbəni şəhidlərimizin canı, əsgər və zabitlərimizin yenilməz iradəsi bahasına qazanmışıq. Onların sayəsində bu gün biz qalib xalqın nümayəndələri kimi başımızı uca tutur, gələcəyə qürur və inamla baxırıq. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq”.
Rektor bildirib ki, Bakı Dövlət Universiteti bir əsrdən artıq tarixi boyunca Azərbaycanın elm və təhsilinin inkişafına, milli düşüncənin və dövlətçilik ənənələrinin möhkəmlənməsinə mühüm töhfələr verib. Universitetin əsas missiyalarından biri xalqına və Vətəninə sədaqətli, yüksək intellektual potensiala malik, milli-mənəvi dəyərlərimizə bağlı mütəxəssislər yetişdirməkdir. Zəfər qazanmış Azərbaycanın qarşısında bu gün yeni hədəflər dayanır. Ölkəmizin iqtisadi qüdrətinin artırılması, elmin və təhsilin inkişafı, müasir texnologiyaların tətbiqi, güclü insan kapitalının formalaşdırılması həmin hədəflərin mühüm istiqamətləridir. BDU-nun müəllim və tələbələri bu şərəfli missiyanı uğurla davam etdirir, üzərlərinə düşən məsuliyyəti dərindən dərk edir.
Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin, BDU-nun İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev, MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr üzrə komitəsinin sədri Səməd Seyidov, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynov, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, Universitetin şəhid məzunu Nicat Əhmədovun bacısı Lalə Əhmədova çıxışlarında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illərdə milli dövlətçilik tarixinin yeni — inkişaf və güclənmə mərhələsinə qədəm qoyduğunu bildiriblər. Çıxışçılar Zəfər Gününün xalqımızın yaddaşında qürur və şərəf səhifəsi kimi əbədi qalacağına və Azərbaycanın tarixi Zəfərdən aldığı güc ilə daha da qüdrətlənəcəyinə inamlarını ifadə ediblər.
Tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı bədii proqramla davam edib.