BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev: Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu” mövzusunda Respublika elmi konfransı keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov konfransın əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev fenomeni nəinki Azərbaycanda, bütün dünyada özünə layiqli yer tutub. Azərbaycanın indiki uğurlarının təməlində məhz Ulu Öndər Heydər Əliyevin dövlətçilik və azərbaycançılıq ideologiyası dayanır. Bu ideologiya xalqın rifahına, milli kimlik şüurunun oyanmasına xidmət edir.
Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Zeynalov Ümummilli Lider, BDU-nun Tarix fakültəsinin dünya şöhrətli məzunu olan Heydər Əliyevin Azərbaycan tarixində mühüm rol oynamış görkəmli şəxsiyyət, onun həyat və fəaliyyətinin gənclərimiz üçün bir örnək olduğunu bildirib. Qeyd edib ki, bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyevin ağır vəziyyətdən çıxardığı ölkəmiz Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada söz sahibi olan dövlətə çevrilib. Tam suveren, güclü iqtisadiyyatı ilə dünya dövlətləri içində öz sözünü deməyə qadir, qalib Azərbaycanın yüksəlişinin əsası Ulu Öndərin uzaqgörən siyasəti ilə qoyulub. Dekan daha sonra konfrans iştirakçılarına müxtəlif elmi-tədqiqat institutları və ali təhsil müəssisələrindən konfransa daxil olan tezislər barədə məlumat verib.
Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev Ulu Öndərin siyasi və iqtisadi siyasəti, uğurlu neft strategiyası, Azərbaycan Dövlət İqtisad Universitetinin Humanitar fənlər kafedrasının müdiri, professor Vəkil Həsənov və BDU-nun Azərbaycan tarixi kafedrasının müdiri, dosent Azad Rzayev isə Ümummilli Liderin Azərbaycanın milli dövlətçiliyini qorumaq və möhkəmləndirmək sahəsindəki xidmətlərindən danışıblar. Çıxışlarda qeyd olunub ki, Ulu Öndərin hakimiyyəti dövründə ölkəmiz iqtisadi, siyasi, sosial, mədəni sahələrdə böyük irəliləyişlərə nail olub, əhalinin sosial rifah halı yaxşılaşıb.
Konfrans öz işini beş bölmə (“Heydər Əliyev və Azərbaycanda milli - hüquqi dövlət quruculuğu”, “Heydər Əliyev irsində elm, təhsil və milli-mənəvi dəyərlər məsələsi”, “Heydər Əliyev irsində sosial-iqtisadi inkişaf və mədəni quruculuq məsələləri”, “Heydər Əliyev irsində xarici siyasət strategiyası”, “Tarix elminin aktual məsələləri”) ilə davam etdirir.