BDU-da süni intellektin tədris prosesində tətbiqinə dair təlim

Bakı Dövlət Universitetində (BDU) professor-müəllim heyəti üçün “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” mövzusunda təlim təşkil olunub.
Təlimdə çıxış edən BDU-nun Magistratura şöbəsinin müdiri Səbuhi Talıbov süni intellekt texnologiyalarının tədrisə və gündəlik idarəetməyə tətbiqi, akademik iş yükünün azaldılması yolları haqqında ətraflı məlumat verib. Şöbə müdiri vurğulayıb ki, süni intellekt müəllimin yerini tutmaq üçün deyil, gündəlik rutin tapşırıqları icra edərək onlara keyfiyyətli tədris və elmi-tədqiqat işlərinə daha çox vaxt ayırmaq imkanı qazandırmaq məqsədi daşıyır.
İnteraktiv keçən təlim proqramında müəllimlərin fəaliyyətini asanlaşdıracaq praktiki istiqamətlər müzakirə olunub. Xüsusilə məxfi məlumatların yayılmasının qarşısını almaq üçün internetə qoşulmadan, birbaşa lokal kompüterdə işləyən təhlükəsiz süni intellekt sistemləri (Llama 3, DeepSeek), eləcə də Universitetin daxili qaydaları əsasında fəaliyyət göstərən ağıllı köməkçi mexanizmlər izah edilib. Təhsilalanların akademik irəliləyişinin izlənilməsi və yarana biləcək geriləmələrin erkən mərhələdə müəyyən edilməsi, fənn proqramları və imtahan suallarının keyfiyyətinin təhlili real nümunələrlə iştirakçılara izah olunub.