BDU-da “Mədəni irs” mövzusunda maarifləndirici tədbir

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Mədəni irs” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə BDU-nun Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov məruzə ilə çıxış edib. Məruzədə mədəni irsin qorunmasının və elmi əsaslarla öyrənilməsinin müasir cəmiyyət üçün strateji əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, mədəni irs təkcə tarixi-mədəni dəyər deyil, elmi-tədqiqat obyekti və mühüm informasiya resursudur.
Nadir İsmayılov qeyd edib ki, arxiv, kitabxana və muzey fondlarında mühafizə olunan sənədlər mədəni irsin öyrənilməsi və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. O, həmçinin rəqəmsallaşdırma proseslərinin mədəni irs resurslarının qorunması və istifadəsinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Məruzədə tədbirin əsas məqsədinin mədəni irsin maddi və qeyri-maddi komponentləri, Azərbaycanın zəngin tarixi-mədəni irs nümunələri, eləcə də sənəd resurslarının mədəni irsin qorunmasında rolu barədə tələbələri maarifləndirmək olduğu vurğulanıb.
Daha sonra İnformasiya və sənəd menecmenti fakültəsinin Tələbə Elmi Cəmiyyətinin(TEC) sədri Aynur Ələsgərova bu kimi maarifləndirici tədbirlərin tələbələrin elmi dünyagörüşünün formalaşmasına, mədəni irsə məsuliyyətli münasibətin gücləndirilməsinə və gələcək peşə fəaliyyətlərində müasir elmi yanaşmaların tətbiqinə mühüm töhfə verdiyini bildirib.