BDU-da “İqlim dəyişikliklərinin Qafqaz regionuna təsiri” mövzusunda beynəlxalq elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Elşad Qurbanovun elmi rəhbərliyi ilə “İqlim dəyişikliklərinin Qafqaz regionuna təsiri” mövzusunda beynəlxalq elmi seminar keçirilib.
Tədbirin əsas məqsədi qlobal iqlim dəyişikliklərinin Qafqaz regionunun təbii ekosistemlərinə, biomüxtəlifliyinə, hidroloji rejimlərinə və kənd təsərrüfatına təsirlərinin elmi əsaslarla təhlili, mövcud risklərin qiymətləndirilməsi və regional əməkdaşlıq çərçivəsində adaptasiya strategiyalarının müzakirəsidir.
Seminarın əsas məruzəçisi Türkiyənin Artvin Çoruh Universitetinin professoru Aydın Tüfekçioğlu olub. Məruzədə Qafqaz regionunda son onilliklərdə müşahidə olunan temperatur artımı, yağıntı rejimində dəyişikliklər, buzlaq sahələrinin azalması, qar örtüyünün davametmə müddətinin qısalması, alp və subalp ekosistemlərinin yüksəklik üzrə transformasiyası, eləcə də bioloji müxtəliflik üçün yaranan risklər geniş elmi-statistik məlumatlar əsasında təqdim edilib. İqlim dəyişikliklərinin su resurslarının paylanmasına, çay sistemlərinin dinamikasına və təbii landşaftların davamlılığına təsiri xüsusi vurğulanıb.
Tədbirdə BDU-nun Biologiya fakültəsinin dekanı, biologiya elmləri doktoru, professor Afət Məmmədova, akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Vaqif Novruzov, Artvin Çoruh Universitetinin Meşə fakültəsinin dekanı, professor Mehmet Yavuz, Təhsil fakültəsinin dekanı, professor Ali Kolomuç, Meşə fakültəsinin professorları Ahmet Yolaşığmaz, Sinan Güner, Mustafa Tüfekçioğlu, xarici əlaqələr üzrə koordinator Hakan Gültekin və digər alimlər iştirak ediblər.
Seminarda beynəlxalq və yerli elmi-tədqiqat qurumlarının (Özbəkistan Respublikasının Andican Dövlət Universitetinin Ekologiya və botanika fakültəsi, Özbəkistan Elmlər Akademiyasının Botanika İnstitutu, Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Dendrologiya bağı, Qarabağ Universiteti və Bakı Mühəndislik Universiteti) nümayəndələri də təmsil olunublar. Elmi diskussiyalar zamanı iqlim dəyişikliklərinin hidroloji rejimlərə təsiri, su ehtiyatlarının azalması, kənd təsərrüfatı məhsuldarlığına potensial risklər, ekstremal hava hadisələrinin intensivləşməsi, sel və torpaq sürüşməsi kimi təbii fəlakətlərin artması, həmçinin biomüxtəlifliyin qorunması məsələləri kompleks şəkildə təhlil edilib. İştirakçılar tərəfindən adaptasiya və mitigasiya istiqamətində su ehtiyatlarının inteqrə olunmuş idarə olunması, çay ekosistemlərinin bərpası, dağ landşaftlarının və endemik növlərin mühafizəsi, erkən xəbərdarlıq sistemlərinin tətbiqi və iqlimə davamlı kənd təsərrüfatı texnologiyalarının inkişafı kimi elmi əsaslandırılmış tövsiyələr irəli sürülüb.
Seminarın yekununda vurğulanıb ki, Qafqaz regionunun biomüxtəliflik baxımından qlobal əhəmiyyəti nəzərə alınaraq, iqlim dəyişikliklərinə qarşı effektiv tədbirlərin həyata keçirilməsi üçün multidissiplinar elmi yanaşmaların gücləndirilməsi, beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi və elmi nəticələrin praktiki tətbiqinin artırılması mühüm strateji əhəmiyyət daşıyır.