BDU-da elmi seminar: “Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolu”

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda elmi seminar keçirilib.
Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova bildirib ki, Azərbaycanın sülh strategiyası regionda uzunmüddətli təhlükəsizlik, inkişaf və əməkdaşlıq üçün real zəmin formalaşdırır. O, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında, Azərbaycanın regionun lider dövlətinə çevrilməsində Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı, Prezident İlham Əliyevin rolunu vurğulayıb.
Seminarda Qafqaz xalqları tarixi kafedrasının saathesabı müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Eyyubov məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan mürəkkəb geosiyasi şəraitdə milli təhlükəsizlik strategiyasını formalaşdıraraq beynəlxalq hüquqa əsaslanan praqmatik siyasət yürüdüb. Bildirilib ki, Prezident İlham Əliyev ölkədə və regionda dayanıqlı sülhün və sabitliyin təmin olunmasını Azərbaycanın əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Dövlət başçısı öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Cənubi Qafqaz qarşıdurma məkanı deyil, əməkdaşlıq və inkişaf regionuna çevrilməlidir. Onun sözlərinə görə, Azərbaycanın məqsədi bölgədə uzunmüddətli sülhün təmin olunması, kommunikasiyaların açılması, qarşılıqlı etimad mühitinin formalaşdırılması və təhlükəsizliyin bölünməzliyi prinsipinə əsaslanan əməkdaşlıq modelinin qurulmasıdır.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin hərbi potensialı modernləşdirilib, beynəlxalq tərəfdaşlıqlar genişləndirilib və regional təşəbbüslər irəli sürülüb. 2020-ci ildə Vətən müharibəsində ərazi bütövlüyünün və suverenliyin bərpası regionda yeni geosiyasi reallıq yaradıb və davamlı sülh üçün əsas formalaşdırıb.
Məruzədə vurğulanıb ki, hazırda Azərbaycan təhlükəsizlik və sülh siyasətini hərbi modernləşmə, beynəlxalq nəqliyyat və enerji layihələrinin genişləndirilməsi, türk dövlətləri ilə əməkdaşlığın dərinləşdirilməsi və Ermənistanla sülh prosesinin irəlilədilməsi istiqamətlərində ardıcıl şəkildə davam etdirir.
Elmi seminar müzakirələrlə davam edib.