BDU-da elmi seminar: "Abşeron yarımadasında mühəndis-geoloji şəraitin seysmikliyə təsiri”

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Abşeron yarımadasında mühəndis-geoloji şəraitin seysmikliyə təsiri (Nərimanov rayonu timsalında)” mövzusunda elmi seminar keçirilib.
Seminarda müasir dövrdə mühəndis-geoloji və seysmik tədqiqatların aktuallığının xüsusilə urbanizasiya proseslərinin sürətləndiyi ərazilərdə daha da artdığı, bu istiqamətdə aparılan araşdırmaların mühüm praktik əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Məruzəçi, Seysmologiya və Yer təkinin fizikası kafedrasının qiyabi doktorantı İlhamə Cəlilova mövzu ilə bağlı məruzə edib. Məruzə kompleks çöl tədqiqatları, laborator analizlər və elmi ədəbiyyatın müqayisəli təhlili əsasında hazırlanıb.
Məruzədə Abşeron yarımadasının geoloji quruluşu, litoloji müxtəlifliyi, tektonik qırılma zonaları və seysmik fəallıq səviyyəsi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ərazidə yayılmış qumlu-gilli çöküntülər, süxurların fiziki-mexaniki xüsusiyyətləri, sıxlıq və məsaməlilik göstəriciləri, həmçinin qrunt sularının səviyyə dəyişmələri zəlzələ dalğalarının yayılma xüsusiyyətlərinə və intensivliyinə birbaşa təsir göstərir. Bildirilib ki, zəif möhkəmlənmiş süxurların üstünlük təşkil etdiyi sahələrdə seysmik dalğaların amplitudasının artması tikililər üçün əlavə risk faktorları yaradır.
Nərimanov rayonu timsalında aparılan mühəndis-geoloji təhlillər göstərib ki, ərazinin geoloji mühitinin düzgün qiymətləndirilməsi layihələndirmə və tikinti mərhələsində mühüm əhəmiyyət daşıyır. Tədqiqat çərçivəsində rayonun müxtəlif hissələrində qruntların növü, daşıma qabiliyyəti, deformasiya xüsusiyyətləri və hidrogeoloji şəraiti müqayisəli şəkildə araşdırılıb, seysmik riskin qiymətləndirilməsi üçün elmi əsaslandırılmış yanaşmalar təqdim olunub. Həmçinin intensiv çoxmərtəbəli tikinti, yeraltı kommunikasiyaların genişlənməsi və torpaq qatının strukturuna müdaxilə kimi antropogen amillərin mühəndis-geoloji mühitə təsiri xüsusi vurğulanıb.
Məruzəçi dayanıqlı şəhərsalma prinsiplərinin tətbiqi, mühəndis-geoloji xəritələşdirmənin təkmilləşdirilməsi, seysmik rayonlaşdırma işlərinin aktuallaşdırılması və tikinti normalarına ciddi riayət olunmasının vacibliyini elmi arqumentlərlə əsaslandırıb. Qeyd edilib ki, kompleks geoloji və geofiziki tədqiqatlar seysmik təhlükələrin azaldılması və əhalinin təhlükəsizliyinin təmin olunması baxımından mühüm rol oynayır.
Seminar interaktiv müzakirələrlə davam edib, iştirakçılar tərəfindən mövzu ətrafında suallar ünvanlanıb və elmi fikir mübadiləsi aparılıb. Çıxış edənlər tədqiqatın həm nəzəri, həm də praktik əhəmiyyətini yüksək qiymətləndirib, gələcəkdə Abşeron yarımadasının digər inzibati rayonları üzrə də oxşar kompleks araşdırmaların aparılmasının məqsədəuyğun olduğunu bildiriblər.