BDU-da Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr ounmuş tədbir

Bakı Dövlət Universitetində (BDU) BDU-nun tarixi muzeyinin və Tarix fakültəsinin birgə təşkilatçılığı ilə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan elmi seminar keçirilib.
Tədbirin moderatoru, BDU-nun tarixi muzeyinin müdiri Günel Orucəliyeva bu günün qeyd olunmasının tarixi barədə məlumat verib. Qeyd edib ki, UNESCO tərəfindən 1983-cü ildə təsis olunan bu əlamətdar gün Azərbaycanda da qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği istiqamətində müxtəlif tədbirlər, ekskursiyalar, sərgilər təşkil edilir.
Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Kəmalə Nəcəfova Azərbaycanda tarixi abidələrin bərpası və mühafizəsi üçün həyata keçirilən layihələrdən, abidələrin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərdən danışıb. Eyni zamanda birgə təşkil olunan bu tip tədbirlərin əhəmiyyətindən söz açıb.
Daha sonra Arxeologiya və etnoqrafiya kafedrasının müəllimi Günay Bayramova Mirzəzadə “Plovdağ nekropollarının dəfn adətləri” mövzusunda geniş məruzə ilə çıxış edib. Son Tunc və Erkən Dəmir dövrünə dair aparılmış son arxeoloji tədqiqatların nəticələri təhlil olunduğu məruzədə qeyd edilib ki, Plovdağ nekropolları Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində, Gilançayın sol sahilində yerləşən arxeoloji abidələr kompleksidir. Kompleksə İlk Tunc dövrünə aid yaşayış yeri, eləcə də Tunc dövrünün müxtəlif mərhələlərini əhatə edən üç iri nekropol daxildir. 2020-ci ildə aparılan arxeoloji qazıntılar zamanı Tunc dövrünə aid yaşayış yerinin divarında küp qəbir aşkar edilib. Nekropolda tədqiq edilmiş çoxsaylı daş qutu qəbirlər, həmçinin nekropola yaxın ərazidə yerləşən Muncuqlutəpə, Mərdangölü və Xalı-Keşan nekropollarının materialları e.ə. II minilliyin ortalarından e.ə. I minilliyin əvvəllərinə qədər olan dövrdə dəfn adətlərinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qəbirlərdən müxtəlif növ saxsı məmulatı, silah nümunələri, tunc, sümük, yarımqiymətli daşlardan, balıqqulağı və kaurilərdən hazırlanmış bəzək əşyaları aşkar edilib.
Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, tarix elmləri doktoru Tarix Dostiyev vurğulayıb ki, Azərbaycan zəngin tarixə və qədim mədəni irsə malik ölkədir. Burada bir çox beynəlxalq əhəmiyyətli tarixi abidələr və memarlıq nümunələri mövcuddur. Ölkəmizin tarixi keçmişinin qaranlıq səhifələrinə aydınlıq gətirən son illərin arxeoloji tədqiqatları Azərbaycanın zəngin mədəni irisinin qədimliyini tutarlı elmi nəşrlərlə dünya elmi ictimaiyyətinə çatdırıb.
Auditoriya tərəfindən maraqla qarşılanan məruzə geniş müzakirələrlə yadda qalıb.