BDU-da Aşıq Ələsgərin 205 illik yubileyinə həsr edilmiş bədii gecə

Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatı və “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin birgə təşəbbüsü ilə “Dədə Ələsgər yaradıcılığı: 205 il” adlı bədii gecə keçirilib.
BDU-nun rektoru Elçin Babayev görkəmli söz ustadlarının yaradıcılığına həsr olunmuş belə tədbirlərin tələbələrin mənəvi dünyalarının zənginləşməsi və bədii zövqlərinin formalaşmasında xüsusi rol oynadığını qeyd edərək, Aşıq Ələsgər yaradıcılığının xalqımızın ədəbi xəzinəsinin əvəzsiz parçası olduğunu deyib.
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov xalqımızın milli-mənəvi dəyərlərində aşıq yaradıcılığının xüsusi yer tutduğunu və buna dövlət səviyyəsində xüsusi diqqətin, qayğının olduğunu qeyd edib: “Hələ keçmiş sovetlər dönəmində bu ənənənin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi Azərbaycanda və keçmiş ittifaq miqyasında qeyd edilib, bu yubiley münasibətilə Qərbi Azərbaycanın Ağkilsə kəndində onun abidəsi ucaldılıb. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıdıblar. 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki Sərəncam imzalanıb. Onlardan biri Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi, digəri Bakının mərkəzində onun abidəsinin ucaldılması ilə bağlı idi. İki il öncə Prezident İlham Əliyevin Aşıq Ələsgərin Bakıda ucaldılan abidəsinin açılış mərasimində iştirakı və “Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik” fikirlərini ifadə etməsi uzaqgörən, qətiyyətli və güclü siyasətimizin xəritəsinə çevrilib. Həqiqətən də Dədə Ələsgərin misralarının Qərbi Azərbaycanın səmalarına yayılacağı gün uzaqda deyil”.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli çıxışında BDU kollektivinə təşəkkürünü bildirib, aşığın saz və söz sənətimizin ustadı olduğunu bildirib. Aşıq Ələsgərin söz sənətinin Nizami, Füzuli, Nəsimi, Vaqif kimi ustad sənətkarlarla birgə yer tutduğunu deyən Xətai Ələsgərli onun şeirlərinin dövrün güzgüsünə çevrilərək həqiqətə işıq saldığını vurğulayıb.
Tibb elmləri doktoru, professor İbadulla Ağayev və Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair-publisist Ramiz Qusarçaylı çıxışlarında aşığın yaradıcılığından müxtəlif misraları səsləndirib, həyatına dair maraqlı faktları tələbələrlə bölüşüblər.
Tədbirin bədii hissəsində tanınmış aşıqların ifasında “Divani”, “Ruhani”, “Dilqəmi”, “Orta sarıtel” havaları, eləcə də “Güllü” və “Sənin o qara tellərin” kimi musiqi nümunələri təqdim olunub.