BDU-da Azərbaycanın ilk proqramçısı Ramin Mahmudzadənin 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Azərbaycanın ilk proqramçısı, informasiya texnologiyaları sahəsində tanınmış mütəxəssis, görkəmli pedaqoq, fizika-riyaziyyat elmləri namizədi, dosent, “Şöhrət” ordenli Ramin Mahmudzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “İnformasiya texnologiyaları, süni intellekt, böyük verilənlər: müasir tendensiyalar və perspektivli tədqiqatlar” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.
Tədbiri giriş sözü ilə BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov açaraq Ramin Mahmudzadənin Azərbaycan elminin, xüsusilə proqramlaşdırma və informatika tədrisinin inkişafında müstəsna rolundan danışıb. Bildirib ki, savadlı pedaqoq və gözəl insan olan Ramin Mahmudzadə həyatını tələbələrinin proqramlaşdırma sahəsində yüksək biliklər qazanmasına, ölkədə bu istiqamətdə yeniliklərin tətbiqinə həsr edib. Onun yetişdirdiyi tələbələr bu gün informasiya texnologiyaları sahəsində dünyanın ən nüfuzlu qurumlarında çalışırlar.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, professor Ələkbər Əliyev çıxış edərək Ramin Mahmudzadənin elmi-pedaqoji fəaliyyətindən, “İnformatika” fənni üzrə I-XI siniflər üçün dərslik və metodik vəsaitlərin hazırlanmasındakı əvəzedilməz xidmətlərindən bəhs edib. Qeyd olunub ki, onun hazırladığı şagird və tələbələr Beynəlxalq İnformatika Olimpiadalarında ölkəmizə çoxsaylı medallar qazandırıblar.
Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Ramin Mahmudzadəni elmə və təhsilə böyük töhfələr vermiş, ömrünü savadlı kadrların yetişdirilməsinə sərf etmiş unudulmaz şəxsiyyət kimi səciyyələndirib. O bildirib ki, Ramin Mahmudzadənin elmə bağlılığı və təhsil sahəsindəki yenilikləri uzun illər yaddaşlardan silinməyəcək.
Əməkdar müəllim Mətanət Əhmədova, fakültənin müəllimləri Rəmzi Hacıyev və Fuad Qurbanov da öz çıxışlarında görkəmli pedaqoqun sadə və təvazökar şəxsiyyəti, informatika elminin inkişafına verdiyi töhfələr, müəllimlik missiyasına böyük məsuliyyətlə yanaşması barədə xatirələrini bölüşüblər.
Sonda Ramin Mahmudzadənin oğlu Əlinazim Mahmudzadə ailəsi adından konfrans iştirakçılarına və tədbirin yüksək səviyyədə təşkilinə görə BDU rəhbərliyinə minnətdarlığını bildirib.
Konfrans bölmələr üzrə işini davam etdirib.