BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş II Beynəlxalq elmi konfrans keçirilir

Bakı Dövlət Universitetinin təşkilatçılığı, Türkiyənin Ankara Universiteti, Qars Qafqaz Universiteti, Özbəkistanın Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti, Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin elmi tərəfdaşlığı ilə akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda II Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, akademik Yusif Məmmədəliyev Azərbaycan elminin parlaq zirvəsi və Bakı Dövlət Universiteti üçün ölməz örnəkdir: “Azərbaycanın elm tarixində elə adlar var ki, zaman keçdikcə daha da ucalır, möhtəşəmləşir. Bu adlar yalnız bir dövrün deyil, bütün bir xalqın qüruruna çevrilir. Onların içərisində ən parlaq simalardan biri də akademik Yusif Məmmədəliyevdir. Yusif Məmmədəliyev təkcə dünya miqyasında tanınan kimyaçı alim deyil, həm də misilsiz elm təşkilatçısı, böyük ziyalı, dövlətçilik düşüncəsinin daşıyıcısı, yüksək vətənpərvərlik nümunəsi və nadir mənəvi keyfiyyətlərə sahib bir şəxsiyyətdir. O, bütün varlığı ilə Azərbaycanın elmi, təhsili, sənayesi və dövlətçilik əzminin inkişafına xidmət edib. Yusif Məmmədəliyev 1905-ci ildə Naxçıvanda, qədim Ordubadda dünyaya gəlib, lakin onun elmi taleyi bütün Azərbaycanı, bütövlükdə böyük bir regional məkanı, daha sonra isə beynəlxalq elmi ictimaiyyəti əhatə edib. Bu dəyərli alim neft-kimya elminin banisi, onun irsi isə Azərbaycanın intellektual sərvətidir”.
Rektor qeyd edib ki, akademik Yusif Məmmədəliyev kimyəvi reaksiyaların katalitik idarə olunması, yüksək oktanlı aviasiya yanacağının alınması, sintetik yağlar, plastiklər, polimerlər sahələrində fundamental nailiyyətlərlə dünya elmini zənginləşdirib. O, karbohidrogenlərin xlorlanması, bromlaşdırılması, oksidləşməsi kimi reaksiyaların katalizatorlar üzərində həyata keçirilməsinin elmi əsaslarını işləyib hazırlayıb. Bu işlər nəticəsində karbontetraxlorid, metilenxlorid, xloroform, müxtəlif üzvi həlledicilər, sənaye kimya vasitələri səmərəli şəkildə sintez edilib. Onun alkilləşdirmə sahəsində apardığı tədqiqatlar müharibə və müharibədən sonrakı dövrdə aviasiya ehtiyaclarının qarşılanmasında həlledici rol oynayıb. Yusif Məmmədəliyevin laboratoriyası sənaye kimyasının bütün istiqamətlərində yenilikçi nəticələr verib, Azərbaycanda kimya sənayesinin inkişaf təməllərini qoyub. Bu gün ölkəmizin neft-kimya sənayesində fəaliyyət göstərən bütün müəssisələr məhz həmin elmi irsin üzərində yüksəlir. Onun rəhbərliyi ilə Neft-Kimya Prosesləri İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, müxtəlif elmi laboratoriyalar, kimya sahəsində kadr hazırlığı sistemləri yaradıldı və davamlı inkişaf yoluna qədəm qoydu. Bu gün ölkəmizdə yüzlərlə tanınmış alim, kimyaçı akademik Yusif Məmmədəliyev məktəbinin yetirməsidir.
Rektor Elçin Babayev xatırladıb ki, akademik Yusif Məmmədəliyev iki dəfə - 1947-1950 və 1958-1961-ci illərdə Azərbaycan Elmlər Akademiyasına rəhbərlik edib. Onun prezidentliyi dövründə yeni institutlar yaradılıb, elmi kadr siyasəti formalaşıb, beynəlxalq əlaqələr genişlənib. Yusif Məmmədəliyev 1954-1958-ci illərdə Bakı Dövlət Universitetinə rəhbərlik edib: “Onun rektorluğu dövründə fakültələr yeni inkişaf mərhələsinə qədəm qoydu, laboratoriyalar yeniləndi, beynəlxalq əlaqələr genişləndi, gənc kadrların keçmiş SSRİ-nin böyük şəhərlərinə təhsil və təcrübə üçün göndərilməsi həyata keçirildi, BDU elmi-pedaqoji məktəblərinin formalaşması sürətləndi. Bu gün BDU-nun elmi ənənəsi, xüsusilə də Kimya fakültəsinin uğurları məhz onun adı ilə bağlıdır. Bu gün akademik Yusif Məmmədəliyevin irsi BDU üçün yol xəritəsidir. Onun yaratdığı neft-kimya məktəbinin yeni, modern mərhələsini reallaşdırmağı qarşımıza məqsəd qoymuşuq. Bu məqsədlə yeni tədqiqat laboratoriyalarının qurulması, beynəlxalq ikili diplom proqramları, sənaye ilə müştərək layihələr, kimya və materialşünaslıq üzrə tədqiqat mərkəzləri, istedadlı tələbələr üçün xüsusi elmi inkubator proqramları üzərində çalışır və reallaşdırırıq. Görkəmli alimin irsi bizim üçün yalnız tarix deyil, həm də inkişaf hədəfidir. BDU akademik Yusif Məmmədəliyevin adını böyük ehtiramla yaşadır və onun irsinə uyğun yeni inkişaf mərhələsini reallaşdırmağı özünün mənəvi borcu hesab edir”.
Sonra akademik Yusif Məmmədəliyevin həyat və yaradıcılığı haqqında film nümayiş olunub.
Türkiyənin Qars Qafkaz Universitetinin rektoru Hüsnü Kapu, akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov, akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun baş direktoru Dilqəm Tağıyev, Fizika İnstitutunun baş direktoru Arif Həşimov, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov, Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin prorektoru Rinat İsakov, akademik Yusuf Məmmədəliyev Fondunun icraçı direktoru Ramil Abbəkirov, Özbəkistan Milli Universitetinin Kimya fakültəsinin dekanı Şaxnoza Kadirova, Ankara Universitetinin Kimya bölümünün rəhbəri Müşərrəf Onal, İtaliyanın Milan Politexnik Universitetinin professoru Giuseppe Resnati, Polşanın Jagiellonian Universitetinin professoru Szczepan Zapotoczny çıxışlarında akademik Yusif Məmmədəliyevin Azərbaycan elminin yetirdiyi parlaq simalardan olduğunu bildirib, konfransın görkəmli alimin çoxşaxəli fəaliyyətinin daha dərindən öyrənilməsinə, onun ideyalarının elmi və mənəvi baxımdan gələcək nəsillər üçün nümunə kimi təqdim olunmasına xidmət edəcəyinə və yeni elmi nailiyyətlərin qazanılmasına töhfə verəcəyinə əminliklərini bildiriblər. Sonra Pekin Kimya Texnologiyası Universitetinin prezidenti akademik Tan Tianveyin videotəbriki səsləndirilib.
Konfrans çərçivəsində BDU-nun akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya üzrə elm müsabiqəsi” və “Akademik Yusif Məmmədəliyev” məqsədli təqaüdünün nəticələri açıqlanıb.
Sonda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii kompozisiya nümayiş olunub.
Konfrans öz işini “Zərif üzvi sintez və koordinasion birləşmələr”, “Alternativ enerji mənbələri və neft kimyəvi sintez”, “Kataliz və materialşünaslıq” və “Kimyanın tədrisində müasir yanaşmalar” adlı 4 bölmə iclası ilə davam etdirir.