BDU-da “Akademik Yusif Məmmədəliyev auditoriyası” açılıb

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illik yubileyi münasibətilə “Akademik Yusif Məmmədəliyev auditoriyası” açılıb.
Otağın açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, akademik Yusif Məmmədəliyev Azərbaycan elminin qızıl fondunun möhtəşəm sütunlarından biridir. Görkəmli alim öz həyatı, fəaliyyəti ilə adını ölkəmizin və BDU-nun elm və təhsil tarixinə yazıb. Ömrünü elmə həsr etmiş bu dahi alim və böyük müəllimin 120 illik yubileyi münasibətilə xüsusi auditoriyanın açılması BDU üçün xüsusi bir qürur və akademik Yusif Məmmədəliyevin irsinə olan ehtiramdır. Rektor bu auditoriyanın BDU-da kimya elmi və tədrisinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Fizika İnstitutunun baş direktoru Arif Həşimov akademik Yusif Məmmədəliyevin qiymətli irsinin ölkəmizin elm tarixinin ən önəmli səhifəsi olduğunu bildirib, BDU-da onun adını daşıyacaq xüsusi auditoriyanın açılışının Azərbaycan elmi və təhsilinin inkişafına töhfə kimi qiymətləndirib.
Türkiyənin Qars Qafkaz Universitetinin rektoru Hüsnü Kapu isə qeyd edib ki, akademik Yusif Məmmədəliyev təkcə Azərbaycanın deyil, Türk dünyasının, bütünlükdə dünya elminin inkişafında misilsiz xidmətlər göstərib. O bildirib ki, görkəmli alimin açdığı yol Türk dünyasının hər bir alimi üçün məşəldir. Bu yolda onun xatirəsinə layiq olacaq şəkildə çalışmaqla Türk dünyasını ən uca zirvəyə yüksəltmək hər bir elm insanının mənəvi borcudur.
Qeyd edək ki, “Akademik Yusif Məmmədəliyev auditoriyası”ndə görkəmli alimin büstü, qiymətli irsini əks etdirən şəkillər, əlyazmalar, kimya, xüsusilə də neft kimyasına aid kitablar, elmi tədqiqat istiqamətlərini göstərən xüsisi sxemlər yer alır.