BDU Elmi Kitabxanasının elektron bölməsinin bp-nin dəstəyi ilə yenidənqurulmadan sonra açılış mərasimi

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının elektron bölməsinin bp-nin dəstəyi ilə yenidənqurulmadan sonra açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən rektor Elçin Babayev qeyd edib ki, Bakı Dövlət Universitetinin strateji inkişaf planında təhsilverənlər və təhsilalanlar üçün müasir tələblərə cavab verən mühitin yaradılması əsas prioritetlərdən biridir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də universitetdə rəqəmsal kitabxananın istifadəyə verilməsidir. Universitet-sənaye-biznes əməkdaşlığı çərçivəsində bp şirkətinin dəstəyi ilə kitabxana tamamilə yenidən qurulub. Klassik kitabxana ənənələri qorunub saxlanılmaqla yanaşı, rəqəmsallaşma elementləri kitabxananın fəaliyyətinə ciddi şəkildə inteqrasiya olunub. Buradan həm BDU-nun elektron kitabxana bazasına, həm də nüfuzlu EBSCO bazasına çıxış mümkündür. Eyni zamanda, “Elsevier” tərəfindən yaradılan imkanlar sayəsində tələbələr və professor-müəllim heyəti üçün geniş elmi resurslara çıxış təmin olunub.
Rektor diqqətə çatdırıb ki, ölkədə rəqəmsal arxitekturanın yaradılması fonunda BDU-nun bütün kitabxanalarının bu model əsasında yenilənməsi yaxın müddətdə həyata keçiriləcək: “Rəqəmsallaşmanın yalnız kitabxana ilə məhdudlaşmaması, bütövlükdə Universitetin fəaliyyətinə tətbiq edilməsi artıq öz müsbət nəticələrini verir. Əminik ki, gələcəkdə bu yanaşmanın faydalarını daha aydın şəkildə hiss edəcəyik”.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli isə vurğulayıb ki, təhsil bir millətin ən böyük sərvətidir: “bp olaraq biz gələcək nəslin bilik əldə etməsinə dəstək göstərən bu möhtəşəm təhsil ocağına yardım və töhfə verməkdən qürur duyuruq. Bu gün bilik yaradarkən tələbələrlə bilik arasında mövcud olan bütün maneələri aradan qaldırmaq olduqca vacibdir. Rəqəmsal platforma yaradılmaqla tələbələr ehtiyac duyduqları məlumatlara asanlıqla çıxış əldə edə bilirlər. Bu mühit tələbələrin toplaşaraq ideyalarını paylaşması üçün həqiqətən də möhtəşəmdir. Onlar kitabı rəqəmsal şəkildə tez tapıb oxuya, sonra isə dostları ilə müzakirə edə bilərlər”.
Cio Kristofoli qeyd edib ki, bütün bunlar gənc nəslin intellektual inkişafını təşviq edən, bilik və bacarıq kapitalını formalaşdıran gözəl bir mühit yaradır. Bu isə qarşıdakı onilliklər ərzində Azərbaycan üçün həlledici əhəmiyyət daşıyacaq.
Qeyd edək ki, layihə çərçivəsində bütün kitabxana fondunun elektron məlumat bazası vasitəsilə tam şəkildə idarə olunmasını təmin edən xüsusi proqram təminatı hazırlanıb. Kitablara izləmə çiplərinin tətbiqi, eləcə də əl terminallarının və çiplə təchiz edilmiş materialların proqram platformasına tam inteqrasiyası daxil olmaqla, effektiv inventar idarəetmə sisteminin yaradılması həyata keçirilib. Yeni rəqəmsal kitabxana sisteminin səmərəli fəaliyyəti üçün zəruri fiziki infrastruktur quraşdırılıb.