H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialı (İndiki BDU-nun Qazax filialı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 1991-ci il tarixli 69 saylı Qərarı ilə yaradılmışdır.
Azərbaycan Müəllimlər İnstitutu və onun filialları (İndiki BDU-nun Qazax filialı) Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə yaradılmışdır.
Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı (İndiki BDU-nun Qazax filialı) Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli 1582 saylı Sərəncamına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı hesab edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il 2014 saylı Sərəncamına əsasən 01 iyul 2016-cı il tarixindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı hesab edilmişdir.
Filialda 1 fakültə (Pedaqoji) və 4 kafedra (Dillər, ədəbiyyat və onların tədrisi metodikası, İctimai və təbiət fənləri, Riyaziyyat və informatika, Pedaqoji fənlər) fəaliyyət göstərir. İşçilərin ümumi sayı (ştatda olanlar) 139 nəfər təşkil edir ki, onlardan 66 nəfər professor-müəllim heyəti (onlardan elmlər doktoru, professor-1, fəlsəfə doktoru -10, o cümlədən 7 dosent), 4 nəfər elmi kitabxana, 7 nəfər tədris-köməkçi heyət və 62 nəfər köməkçi heyətdir (inzibati təsərrüfat).
Bakalavriat səviyyəsində təhsil alan tələbələrin sayı 17 ixtisas üzrə (o cümlədən bunlardan 4 ixtisas qiyabi olmaqla) 1691 nəfər təşkil edir (əyani -1498, qiyabi-193).
Filial üzrə magistr hazırlığı 2019/2020-ci tədris ilindən aparılır. Magistratura üzrə təhsil alanların sayı 13 nəfərdir.
Filialda fəaliyyət göstərən strukturlar Direktorluq, Tədris şöbəsi, Ümumi şöbə, Tələbə və arxiv şöbəsi, Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsi, Kompüter və informasiya mərkəzi, Mühasibatlıq, Təsərrüfat şöbəsi. Eyni zamanda filialda 2 laboratoriya (Fizika, Kimya və biologiya), 1 kabinet (Əmək təlimi və incəsənət) fəaliyyət göstərir. Filialın auditoriya fondu: Heydər Əliyev auditoriyası, 27 auditoriya, 2 kompüter otağı, oxu zalı, kitabxana oxu zalı, idman zalı, akt zalı.