“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda beynəlxalq konfrans davam edir

Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans öz işini panel sessiyalarla davam etdirir.
“Qayıdış və regionun yeni sülh arxitekturası” mövzusunda panel sessiyasının moderatoru Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə olub.
Moderator tədbirin əsas məqsədinin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının regional sülh gündəliyi, beynəlxalq hüquq, tarixi ədalət və müasir geosiyasi reallıqlar kontekstində müzakirəsi olduğunu vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin irəli sürdüyü Qayıdış Konsepsiyası yalnız tarixi yaddaşın bərpasına deyil, həm də Cənubi Qafqazda davamlı sülhün və qarşılıqlı etimadın formalaşmasına xidmət edir. Fariz İsmayılzadə bildirib ki, bu gün Azərbaycan postmünaqişə dövrünün əsas aktorlarından biri kimi regionun yeni təhlükəsizlik və əməkdaşlıq modelinin formalaşdırılmasında mühüm rol oynayır.
Paneldə ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin professoru Daniel Pommier Vincelli, Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Qərbi Kaspi Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Şeraz Mahmud Xan, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Fərhad Hüseynov çıxış ediblər. Çıxışlarda Qərbi Azərbaycan məsələsinin beynəlxalq səviyyədə tanıdılması və qayıdış hüququnun dünya ictimaiyyətinə çatdırılması yolları nəzərə çatdırılıb. Gələcəkdə azərbaycanlıların Qərbi Azərbaycana qayıdaraq ermənilərlə yanaşı, sülh və qarşılıqlı hörmət şəraitində yaşamasının regionun uzunmüddətli sabitliyi üçün vacib amillərdən biri olduğu diqqətə çatdırılıb. Qərbi Azərbaycana qayıdış ideyasının regional sülh, əməkdaşlıq və inteqrasiya proseslərinin mühüm tərkib hissəsi olduğu vurğulanıb.
“Qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində” mövzusunda ikinci panel sessiyanın moderatoru Milli Məclisin deputatı Rizvan Nəbiyev olub.
O, çıxışında Qərbi Azərbaycana qayıdış məsələsinin yalnız tarixi və siyasi deyil, beynəlxalq hüquq və fundamental insan hüquqları məsələsi olduğunu vurğulayıb. Qeyd edib ki, məcburi köçkünlərin və deportasiya olunmuş şəxslərin öz doğma torpaqlarına qayıtmaq hüququ beynəlxalq hüququn əsas prinsiplərindən biridir. Qərbi Azərbaycana qayıdış məsələsi də məhz bu kontekstdə qiymətləndirilməlidir.
Sessiyada ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun Siyasi Tədqiqatlar, Təhlil və Nəşrlər üzrə direktoru Damjan Krnjević Mišković, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, BDU-nun Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov, türkiyəli diplomat və beynəlxalq münasibətlər üzrə ekspert Ferit Murat Özkaleli çıxış ediblər. Çıxışlarda beynəlxalq münasibətlər sistemində tarixi ədalət, kollektiv yaddaş və siyasi transformasiya proseslərinin əhəmiyyəti diqqətə çatdırılıb, Azərbaycanın gənc nəsli, ziyalıları, alimləri və vətəndaş cəmiyyəti nümayəndələrinin də Qərbi Azərbaycan ideyasının yaşadılması və beynəlxalq müstəvidə tanıdılması prosesində fəal iştirak etməli olduğu qeyd olunub.
Konfrans çərçivəsində keçirilən üçüncü panel sessiya “Tarixi yaddaş və milli kimlik” mövzusuna həsr olunub. Panelin moderatoru Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc olub.
Moderator tarixi yaddaşın qorunmasının və gələcək nəsillərə ötürülməsinin milli kimliyin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, Qərbi Azərbaycan irsinin, tarixi-mədəni abidələrinin, toponimlərinin və zəngin mənəvi dəyərlərinin araşdırılması, təbliği və beynəlxalq ictimaiyyətə çatdırılması milli yaddaşın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sessiyada BDU-nun Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov, AMEA-nın Folklor İnstitutunun direktoru Hikmət Quliyev, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan şöbəsinin böyük elmi işçisi Nazim Mustafa və BDU-nun Mədəni İrsi Araşdırma Mərkəzinin direktoru Musa Mərcanlı məruzələrlə çıxış ediblər. Məruzəçilər Qərbi Azərbaycanın tarixi irsinin qorunması, deportasiya və etnik təmizləmə siyasətinin tarixi aspektləri, milli kimliyin formalaşmasında folklorun və mədəni irsin rolu, eləcə də tarixi həqiqətlərin elmi əsaslarla araşdırılması məsələlərini müzakirə ediblər. Müzakirələr zamanı tarixi yaddaşın yaşadılmasının Qərbi Azərbaycana qayıdış ideyasının mənəvi-siyasi əsaslarından biri olduğu qeyd olunub.