““Kəlilə və Dimnə” dastanının çap olunmamış fəsli haqqında" - BDU-da elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində elmi seminar keçirilib.
Seminarda Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Adil Yəhyayev “Kəlilə və Dimnə” dastanının çap olunmamış fəsli haqqında məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, “Kəlilə və Dimnə” əsəri Hindistanda yaranıb. Sanskrit dilində yazılan və orijinal adı “Pançatantra” olan əsər qədim hind mənşəli etik-didaktik hekayələr toplusudur. Əsər daha sonra pəhləvi dilinə tərcümə edilib, VIII əsrdə isə İbn əl-Müqəffa tərəfindən ərəb dilinə çevrilərək “Kəlilə və Dimnə” adı ilə geniş yayılıb.
Məruzədə əsərin əsas məqsədinin həm hökmdarlar, həm də adi insanlar üçün mənəvi və əxlaqi dəyərləri təbliğ etmək olduğu vurğulanıb. Bildirilib ki, əsərin çap olunmamış fəsli Adil Yəhyayev tərəfindən fars dilindən Azərbaycan dilinə tərcümə edilib. Həmin fəsildə də digər hissələrdə olduğu kimi, heyvanların dili ilə insanların cəmiyyətdə qarşılaşdığı problemlər, siyasət, ədalət və əxlaq məsələləri simvolik şəkildə təsvir olunur.
Seminarda çıxış edən Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Mehdi Kazımov “Kəlilə və Dimnə”nin yalnız ədəbi əsər deyil, həm də nəsihətamiz xarakter daşıyan dəyərli mənbə olduğunu bildirib. O, əsərin bədii ifadə vasitələrinin zənginliyini qeyd edib və dünya ədəbiyyatında böyük iz qoyaraq müxtəlif dillərə tərcümə olunduğunu vurğulayıb.