“GeoCamp” Tələbə yay düşərgəsinin bağlanış mərasimi keçirilib

Bakı Dövlət Universiteti (BDU) və “Azerbaijan International Mining Company Limited” şirkətinin birgə təşkilatçılığı, BDU-nun Geologiya fakültəsi, “BDU könüllüləri” təşkilatı, “CM Tech” MMC, “CQA International Ltd” MMC, AT-Geotech MMC, “A-A” MMC, “Atlas” MMC və “AzGeo” MMC-nin dəstəyi ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsinin bağlanış mərasimi olub.
“BDU könüllüləri” təşkilatının baş katibi, layihə rəhbəri və sessiyanın moderatoru Qasım Xəlilov Universitetin ev sahibliyi etdiyi düşərgənin təşkilinə dəstək göstərən bütün qurumların nümayəndələrinə təşəkkürünü bildirib. O vurğulayıb ki, layihənin əsas məqsədi iştirakçılara geoloji biliklər aşılamaq, onların sosiallaşmalarına və təcrübə qazanmalarına şərait yaratmaqdır.
Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, layihə rəhbəri İlqar Quliyev düşərgənin gənc geoloqların yetişməsində əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, bu platforma iştirakçılara yalnız yeni nəzəri və praktiki bacarıqlar qazandırmır, onları vahid geoloqlar ailəsinin ayrılmaz üzvünə çevirir.
“Azerbaijan International Mining Company Limited” şirkətinin Dağ-mədən geologiyası departamentinin rəhbəri, layihə rəhbəri Samir Mürsəlov düşərgənin prioritet hədəflərinə toxunaraq, təlim müddətində tələbələrin yiyələndiyi geoloji nəzəri və praktiki biliklərin gələcək peşə fəaliyyətləri baxımından mühüm rol oynadığını qeyd edib.
Geologiya fakültəsinin dekanı Mamoy Mansurov, Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri Əvəz Məmmədov, BDU-nun Ümumi və tarixi geologiya kafedrasının müdiri Nazim İmamverdiyev çıxışlarında bildiriblər ki, düşərgə çərçivəsində iştirakçılar yerşünaslıq sahəsində tanınmış ekspert və mütəxəssislərlə interaktiv əlaqələr qurmaq, nəzəri biliklərini sahə təcrübələri ilə zənginləşdirmək imkanı əldə ediblər. Maarifləndirici xarakter daşıyan düşərgə xüsusilə süxur nümunələrinin praktiki tədqiqi baxımından iştirakçılar üçün daha yaddaqalan olub.