“Gənc istedadlar” liseyinin şagirdi 58-ci Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək milli komandanın üzvü seçilib

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Elman Kərimli ölkəmizi 58-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO2026) təmsil edəcək milli komandanın üzvü seçilib.
Seçim imtahanında ümumilikdə 21 şagird iştirak edib. Yekun nəticələrə əsasən, ən yaxşı nəticə göstərən 4 şagird 58-ci Beynəlxalq Kimya Olimpiadasında milli komandanın üzvü olaraq iştirak etmək hüququ qazanıb.
Bunlar “Gənc istedadlar” liseyinin XI sinif şagirdi Elman Kərimli, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Yaqub Baratlı və həmin liseyin X sinif şagirdi Qurban Piriyev, Sumqayıt şəhəri 23 nömrəli Texniki Fənlər Təmayüllü Liseyin XI sinif şagirdi Eşqin Səfərlidir. Onlar 10–19 iyul tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək 58-ci Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, Elman Kərimli Respublika Fənn Olimpiadasının kimya fənni üzrə qızıl medalçısıdır. O, həm də kimya sahəsində nüfuzlu beynəlxalq yarışmalardan biri olan 60-cı Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında bürünc medal qazanıb.
Şagirdimizi təbrik edir, uğurlar diləyirik!