BDU və Beynəlxalq Türk Akademiyasının Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr etdiyi kitabların təqdimatı olub

Bakı Dövlət Universitetində (BDU) BDU-nun nəşr etdiyi “Birinci Türkoloji Qurultayın dərsləri” və Türk Akademiyasının çap etdirdiyi “100 ilin ardından Bakı Türkoloji Qurultayı” və "Birinci Bakı Türkoloji Qurultayı: 1926-cı il sənədlər işığında” kitablarının təqdimatı olub.
Mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, "Türk dünyası həftəsi" çərçivəsində keçirilən və Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş, Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumunun birgə təşkil etdiyi “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” Beynəlxalq elmi konfransının açılış mərasimi və panel sessiyası iyunun 29-da Heydər Əliyev Mərkəzində təşkil olunub. Bu gün isə konfransın bölmə iclasları BDU-da davam edir: “BDU ölkəmizdə türkologiya elminin əsas mərkəzlərindən biridir və türk xalqlarının tarixində mühüm elmi hadisə olan Birinci Türkoloji Qurultayın elmi-mədəni irsinə yenidən nəzər salmaq məqsədilə silsilə tədbirlər – konfranslar, elmi müzakirələr, sərgilər, görüşlər təşkil edir. Universitetin nüfuzlu alimləri ölkəmizdə keçirilən, qurultayın 100 illiyinə həsr olunmuş elmi tədbirlərin təşkilində yaxından iştirak edirlər. Bu gün BDU-nun hazırladığı “Birinci Türkoloji Qurultayın dərsləri” və Türk Akademiyasının çap etdirdiyi “100 ilin ardından Bakı Türkoloji Qurultayı” və "Birinci Bakı Türkoloji Qurultayı: 1926-cı il sənədlər işığında” kitablarını sizə təqdim edirik. Bu kitablar həm qurultayda müzakirə olunan mövzuların yenidən elmi müstəviyə çıxarılması baxımından, həm də tədris vəsaiti kimi əhəmiyyətli olacaq. Birinci Türkoloji Qurultayın irsi hamı üçün yol göstərəndir. Bu istiqamətdə hamımız səylərimizi birləşdirməli, həm tədris prosesində, həm də elmi tədqiqatlarda həmin materiallardan düzgün istifadə etməyi bacarmalıyıq”.
Rektor bildirib ki, “Birinci Türkoloji Qurultayın dərsləri” kitabını Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov hazırlayıb. Kitab BDU Elmi Şurasında müzakirə olunaraq dərs vəsaiti kimi təsdiq edilib. Dərs vəsaitində Birinci Türkoloji Qurultayın materialları elmi əsaslarla öyrənilir. Qurultayın əlifba, orfoqrafiya, terminologiya, ədəbi dil, dilin tədrisi, türk dilləri və türk tarixi problemləri (mövzuları) üzrə dərsləri ön plana çıxarılır. Dərs vəsaiti filologiya və tarix, şərqşünaslıq ixtisasları üzrə təhsil alan tələbələr, eləcə də Qurultayın zəngin elmi-mədəni irsi ilə maraqlananlar, tədqiqatçılar üçün əhəmiyyətli mənbə olacaq: “Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk dünyası həftəsi" yekunlaşsa da, müsbət nəticələri davam edəcək. Bizim əsas məqsədimiz keçirilən konfransın elm sahəsinə töhfə verməsidir. Çox istəyirik ki, gənclər bu istiqamətdə nəşr olunan kitablardan faydalana bilsinlər".
BDU ilə sıx əlaqələrin olduğunu deyən Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev bildirib ki, rəhbərlik etdiyi qurum Türk dünyasının intellektual, mədəni mirasının tanıdılması və təbliği üçün müxtəlif layihələr həyata keçirir, kitablar nəşr etdirir: “Birinci Türkoloji Qurultayda iştirak edənlərin demək olar hamısı sonradan repressiyalara məruz qaldı, amma bu miras bu gün də davam edir. Həm türkologiya elminin inkişafında, həm də milli kimlik məsələsində bu mirasın çox böyük rolu var”.
"Birinci Türkoloji Qurultayın dərsləri" kitabının müəllifi, akademik Nizami Cəfərov Birinci Türkoloji Qurultayın elmi-mədəni hadisə olmaqla yanaşı, ictimai-siyasi hadisə kimi tarixin yaddaşına həkk olunduğunu bildirib. O qeyd edib ki, türk xalqlarının elmi-mədəni irsi birlikdə və ayrı-ayrılıqda öyrənilməli, Birinci Türkoloji Qurultayın keçirildiyi ötən əsrin 20-ci illəri tarixçilər tərəfindən dərindən araşdırılmalıdır: ”Əlifba, terminologiya, ədəbi dil, dilin tədrisi, türk dilləri və türk tarixi problemləri – bunlar hamısı Birinci Türkoloji Qurultayın dərsləridir. Bu mövzuda kitabın hazırlanması çox məsuliyyətli işdir. BDU-nun bütün heyəti "Birinci Türkoloji Qurultayın dərsləri" kitabının hazırlanmasında iştirak edib. Əminik ki, bu sahədə yazılan kitablar, aparılan araşdırmalar türkologiyanı daha da zənginləşdirəcək”.
Milli Məclisin üzvü, BDU-nun Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Bülent Bayram, Akademiyanın nümayəndəsi Aynur Mayemerova çıxışlarında Birinci Türkoloji Qurultayın Türk dünyasının ortaq yaddaşının qorunmasında rolunu vurğulayıblar. Qeyd olunub ki, bu cür nəşrlər milli kimliyimizin formalaşmasında, türkoloji elmlərin inkişafında mühüm rol oynayır və Azərbaycan elmi irsinin qorunub saxlanmasına töhfə verir. O da vurğulanıb ki, Türk Akademiyasının çap etdirdiyi “100 ilin ardından Bakı Türkoloji Qurultayı” və "Birinci Bakı Türkoloji Qurultayı: 1926-cı il sənədlər işığında” kitabları tədqiqatçılara və oxuculara Birinci Türkoloji Qurultayın keçirildiyi dövrün tarixi kontekstini arxiv sənədləri, protokolları və rəsmi məruzələri əsasında dərindən anlamağa imkan verir.
Sonda BDU-nun bir qrup əməkdaşına Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olunub. Nişanları mədəniyyət nazirinin müavini Səadət Yusifova təqdim edib. O bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması və belə tədqiqatların aparılması türkologiyanın müxtəlif sahələrinin inkişafına təkan verəcək.