BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının müəllimi, Bakı Zooloji Parkının direktoru Nəzakət İsayeva dərslərini innovativ tədris metodları ilə təşkil edir. O, “Ekologiya” ixtisası üzrə IV kurs tələbələrinə tədris etdiyi “Biomüxtəlifliyin qorunması” fənninin mühazirə və məşğələ dərslərini Bakı Zooloji Parkında keçib.
Dərs zamanı tələbələrə biomüxtəlifliyin qorunmasının əhəmiyyəti, nadir heyvan növlərinin mühafizəsi və onların təbii yaşayış mühitinin qorunması barədə ətraflı məlumat verilib. Tələbələr balıqlar və sürünənlər sinfinə aid müxtəlif heyvan növlərini əyani şəkildə müşahidə etmək imkanı qazanıblar. Bələdçinin müşayiəti ilə təşkil olunan ekskursiyada tələbələr Azərbaycan və dünya faunasının unikal nümunələri ilə tanış olub, onların bioloji xüsusiyyətlərini öyrəniblər.
Həmçinin dərslərdə Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmiş, nəsli kəsilmək təhlükəsində olan heyvan növlərinin qorunması, populyasiyalarının bərpası və onların yenidən təbii mühitə qaytarılmasını hədəfləyən reintroduksiya proqramları barədə geniş məlumat verilib.