BDU tələbələri ekskursiyada: “Urban keçid: İçərişəhərdən Ağ şəhərə”

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “5 Days Urban Week” layihəsi çərçivəsində “Urban keçid: İçərişəhərdən Ağ şəhərə” adlı ekskursiya təşkil olunub.
Ekskursiya çərçivəsində tələbələr İçərişəhərin tarixi irsinin qorunduğu məkanlarla tanış olub, burada qədim urban strukturun ilkin planlaşdırma xüsusiyyətləri, memarlıq üslubu və sosial-mədəni mühiti barədə məlumat əldə ediblər.
Daha sonra iştirakçılar Ağ şəhər ərazisinə səfər edərək müasir şəhərsalma nümunələrini yerində müşahidə ediblər. Burada yenilənən urban mühit, ekoloji yanaşmalar və dayanıqlı inkişaf prinsipləri tələbələr tərəfindən qrup şəklində təhlil olunub.
Ekskursiya zamanı tələbələr şəhərin tarixi ilə müasir dövrü arasında müqayisəli təhlillər apararaq urbanizasiyanın mərhələli inkişaf dinamikasını praktik müşahidələr əsasında qiymətləndirmək imkanı qazanıblar. Tarixi irsin qorunması ilə müasir şəhərsalma tendensiyalarının uzlaşdırılması məsələsi müzakirələrin əsas mövzularından biri olub.
Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin şəhərsalma və memarlıq sahəsinə marağını artırmaq, nəzəri biliklərini praktik müşahidələrlə möhkəmləndirmək və onları davamlı inkişaf prinsipləri əsasında düşünməyə təşviq etməkdir.