BDU rektorunun müşaviri Asiman İlyasov “QS Eurasia Forum 2026” tədbirinin panel sessiyasında məruzəçi qismində iştirak edib

Bakı Dövlət Universitetinin (BDU) rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov Qazaxıstanın Astana şəhərində “Quacquarelli Symonds” (QS) təşkilatının “Önəmli olanın ölçülməsi” mövzusuna həsr etdiyi “QS Eurasia Forum 2026” tədbirində keçirilən panel sessiyada məruzəçi qismində iştirak edib.
Paneldə Nazarbayev Universitetinin prezidenti Vaqar Ahmad, QS-in innovasiya meneceri Zoya Zaitseva da iştirak edib.
Panel çıxışı zamanı Asiman İlyasov müasir dövrdə universitetlərin üç əsas missiyasının – tədris və təlimin, tədqiqat və innovasiyanın, eləcə də cəmiyyətə sosial töhfənin qarşılıqlı əlaqədə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, müasir ali təhsil müəssisələrinin uğuru yalnız akademik göstəricilər və elmi nəşrlərlə deyil, həm də biliklərin real problemlərin həllinə tətbiqi və cəmiyyət üçün yaradılan konkret dəyərlə ölçülməlidir. Bu baxımdan, təcrübəyə əsaslanan təlim tələbələrə nəzəri biliklərini real layihələrdə tətbiq etmək, həmçinin tənqidi düşüncə, komanda işi, kommunikasiya və layihələrin idarə olunması kimi bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.
BDU-nun “Future17 SDG Challenge” təşəbbüsündə iştirakının əhəmiyyətinə də toxunan Asiman İlyasov bildirib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində icra olunan real layihələr tələbələri qlobal və yerli problemlərin həllinə cəlb edir. Bu təşəbbüs həm universitetin tədqiqat və innovasiya mədəniyyətini gücləndirir, həm də beynəlxalq tərəfdaşlıqların genişlənməsinə və ali məktəbin cəmiyyətə təsirinin artmasına şərait yaradır.
Panel müzakirəsində beynəlxalq universitet reytinqlərinin institusional inkişafda rolu da diqqət mərkəzində olub. BDU rektorunun müşaviri reytinqlərin məqsəd deyil, strateji inkişafı qiymətləndirmək, mövcud imkan və çatışmazlıqları müəyyənləşdirmək, eləcə də beynəlxalq təcrübə ilə müqayisə aparmaq üçün bir vasitə olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, universitetlər reytinq mövqelərini süni şəkildə yüksəltməyə deyil, real akademik nəticələrin, tədqiqat keyfiyyətinin, beynəlxalq əməkdaşlığın və ictimai təsirin gücləndirilməsinə üstünlük verməlidirlər.