BDU-nun Psixoloji yardım sektoru tələbələr üçün vaxtın idarə olunmasına dair təlim təşkil edib

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru tələbələr üçün “Başlamaqdan qorxan zehin” adlı maarifləndirici və interaktiv təlim təşkil edib. Təlimin əsas məqsədi iştirakçılarda ertələmə davranışının mahiyyəti, arxasında duran psixoloji mexanizmlər, onun gündəlik həyata təsiri barədə daha dərin anlayış formalaşdırmaq olub.
Təlim zamanı mütəxəssislər ertələmənin yaranma səbəblərini – qorxu, mükəmməlliyyətçilik, motivasiya çatışmazlığı və qərarsızlıq kimi amilləri ətraflı izah ediblər. Eyni zamanda, bu davranışın aradan qaldırılması üçün effektiv üsullar iştirakçıların diqqətinə çatdırılıb.
Təlimdə vaxtın düzgün planlaşdırılması və səmərəli idarə olunması ilə bağlı praktiki tövsiyələr verilib. İnteraktiv formatda keçirilən tədbirdə iştirakçılar şəxsi təcrübələrini bölüşərək gündəlik həyatlarında qarşılaşdıqları çətinlikləri müzakirə edib, bir-birilərindən öyrənmək imkanı əldə ediblər.
Təlim zamanı “Pomodoro texnikası” haqqında ətraflı məlumat təqdim olunub və bu üsul üzrə praktik məşğələlər təşkil edilib. İştirakçılar texnikanı yerində tətbiq edərək onun effektivliyini təcrübədən keçiriblər.
Sonda isə ertələmə davranışını vizual şəkildə izah edən qısametrajlı videoçarx nümayiş etdirilib.