BDU-nun Karyera və məzunlarla iş Mərkəzi və “Dapti.az” platformasının nümayəndələri arasında görüş

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşları ilə “Dapti.az” platformasının nümayəndələri arasında görüş keçirilib. Görüşdə BDU-nun Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova, baş mütəxəssis İlkin Şərifov, “Dapti.az” platformasının baş icraçı direktoru İlkin Kərimli və baş əməliyyat direktoru Ayxan Cavanşirli iştirak ediblər.
Günel Qurbanova və İlkin Şərifov çıxışlarında Karyera və məzunlarla iş Mərkəzinin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, tələbə və məzunlara göstərilən karyera yönümlü xidmətlər barədə ətraflı məlumat veriblər. Onlar vurğulayıblar ki, müasir əmək bazarının tələbləri ali təhsil müəssisələrində yalnız nəzəri biliklərin deyil, rəqəmsal bacarıqların, analitik düşüncənin və texnoloji savadlılığın formalaşdırılmasını zəruri edir. Bu baxımdan süni intellekt və rəqəmsal platformaların tədris prosesinə inteqrasiyası tələbələrin peşəkar inkişafında mühüm rol oynaya bilər.
“Dapti.az” platformasının nümayəndələri İlkin Kərimli və Ayxan Cavanşirli isə çıxışlarında platformanın fəaliyyət məqsədləri və texnoloji imkanları barədə məlumat veriblər. Qeyd olunub ki, Dapti.az müəllimlərin pedaqoji fəaliyyətinin daha sistemli, ölçüləbilən və analitik əsaslarla təşkili, eyni zamanda müəllim ixtisası üzrə təhsil alan gənclərin müasir texnoloji alətlərlə işləmə bacarıqlarının inkişaf etdirilməsi məqsədini daşıyır.
Görüş çərçivəsində tərəflər arasında mümkün əməkdaşlıq istiqamətləri, birgə pilot layihələrin icrası, tələbələr üçün təlim və təcrübə imkanlarının yaradılması məsələləri müzakirə olunub və gələcəkdə konkret əməkdaşlıq mexanizmlərinin müəyyənləşdirilməsi barədə razılıq əldə edilib.