BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, “BDU könüllüləri” təşkilatı və “Əmanət” Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş tələbələr və şəhid-qazi övladları üçün “Bir yay, min xatirə” adlı Yay düşərgəsinin açılışı olub.
Düşərgə iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib və önünə gül dəstələri qoyublar.
BDU-nun Protokol sektorunun əməkdaşı, sessiyanın moderatoru Mirhüseyn Tağıyev "Şəhərsalma və Memarlıq İli" çərçivəsində keçirilən Yay düşərgəsinin gənclərə verdiyi töhfələrdən bəhs edib. O bildirib ki, gənclərin mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsində fəallığının artırılmasını hədəfləyən düşərgə çərçivəsində süni intellekt texnologiyalarının imkanları da təqdim olunacaq.
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin baş direktorunun müavini Ramin Həbibzadə çıxışında təşkilatın beynəlxalq statusa malik bir qurum kimi gənclərin inkişafına, daha geniş imkanlara çıxışının təmin edilməsinə dəstək verdiyini vurğulayıb. O qeyd edib ki, artıq ənənəyə çevrilən Yay düşərgəsi hər il gənclərin bir araya gəlməsi, yeni bilik və bacarıqlar qazanması, sosial əlaqələrini genişləndirməsi üçün platformaya çevrilib.
Əmanət” Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək layihəsinin rəhbəri Sərxan Bağırov Yay düşərgəsinin təşkilində və formalaşmasında dəstək göstərən komanda üzvlərinə və tərəfdaşlara təşəkkürünü bildirib. O qeyd edib ki, bu cür Yay düşərgələri uşaqların və gənclərin sosial fəaliyyətlərdə daha fəal iştirakına, yeni dostluqlar qurmasına, komanda ilə işləmək və kommunikasiya bacarıqlarını inkişaf etdirməsinə mühüm imkan yaradır.
BDU rektorunun katibliyinin referenti, “BDU könüllüləri” təşkilatının baş katibi Qasım Xəlilov çıxışında Bakı Dövlət Universitetinin Yay düşərgəsinə ev sahibliyi etməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, BDU-nun gənclər üçün belə mühüm layihələrə ev sahibliyi etməsi Universitetin gənclərin inkişafına və onların ictimai fəallığının artırılmasına verdiyi önəmin göstəricisidir. Qasım Xəlilov həmçinin BDU-nun il ərzində tələbə və gənclərin inkişafına yönəlmiş çoxsaylı təlimlər, interaktiv sessiyalar, simulyasiyalar və müxtəlif layihələr həyata keçirdiyini də diqqətə çatdırıb.