BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib

Bakı Dövlət Universitetinin (BDU) “Azərbaycan hüquq jurnalı” (https://bsuj.bsu.edu.az/en və ya https://www.ahj.az/en/) 2026-cı il 22 iyun tarixindən etibarən Avropa humanitar və sosial elmlər sahəsində tanınmış elmi indeks bazalarından biri olan erih+ (ERIH PLUS) tərəfindən indekslənən elmi jurnallar siyahısına daxil edilib.
https://erihplus.hkdir.no/sok?input=3079-8973
Jurnalda hüquq elminin müxtəlif sahələri üzrə elmi yeniliyi, aktuallığı, nəzəri və praktiki əhəmiyyəti, eləcə də milli və beynəlxalq hüquqi sistemlərin inkişafına töhfə verən elmi məqalələr dərc edilir.
Qeyd edək ki, “Azərbaycan hüquq jurnalı” Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir.
Erih+ (ERIH PLUS) bazasına daxil edilməsi jurnalın beynəlxalq elmi nüfuzunun daha da yüksəlməsinə, eləcə də Azərbaycan hüquq elminin beynəlxalq elmi məkana inteqrasiyasına imkan verəcəkdir.