BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
-lg.jpg)
Keniyanın Mombasa şəhərində yerləşən, UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan “Fort Jesus” kompleksində Suahili Mədəniyyət Kitabxanasının açılışı və “İRS-Urithi” jurnalının suahili dilində ilk sayının təqdimatı mərasimi keçirilib.
Mombasa qubernatorunun ofisi, Keniya Milli Muzeyləri, “Swahilipot Hub” Fondu, Azərbaycanın Keniyadakı səfirliyi və Bakı Dövlət Universitetinin (BDU) Mədəni İrsi Araşdırmaları Mərkəzinin dəstəyi ilə keçirilən mərasimdə ictimai-siyasi xadimlər, dövlət rəsmiləri və media nümayəndələri iştirak ediblər.
Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev mədəni dialoqun əhəmiyyətini vurğulayaraq qeyd edib ki, ölkələrimiz arasındakı münasıbətlər son illər ən yüksək əməkdaşlıq səviyyəsinə çatıb. “İRS” beynəlxalq jurnalının suahili dilində çıxması bu münasibətləri daha da möhkəmləndirəcək.
“İRS” beynəlxalq jurnalının baş redaktoru, BDU-nun Mədəni İrsi Araşdırmaları Mərkəzinin direktoru Musa Mərcanlı nəşrin yaranma tarixi, inkişaf mərhələləri və beynəlxalq fəaliyyəti barədə məlumat verib. O, 22 dildə nəşr olunan və dünyanın 60-dan çox ölkəsində yayılan jurnalın suahili dilində ilk sayının hazırlanmasına və təqdimatına dəstək göstərən bütün tərəfdaşlara minnətdarlığını bildirib.
Tədbirdə Keniya Milli Muzeylərinin Direktorlar Şurasının sədri Edvin Ceykob Abonyo, qurumun baş direktoru professor Meri Gikungu, Keniya Prezidentinin xüsusi nümayəndəsi səfir Filip Tiqo, Mombasa Hüquqşünaslar Cəmiyyətinin sədri Nataşa Ali, Pvani Universitetinin vitse-rektoru professor Ceyms Kahindi və “Swahilipot Hub” Fondunun təsisçisi Mahmud Nur çıxış ediblər. Natiqlər layihələrin həyata keçirilməsi istiqamətində göstərilən səyləri yüksək qiymətləndirib, bu cür humanitar təşəbbüslərin xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verdiyini vurğulayıblar.
Yenidən qurulmuş kitabxanaya BDU adından kitab və jurnallar hədiyyə edilib.