BDU ilə XİN arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
BDU və XİN nümayəndə heyətləri arasında keçirilən görüşdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Görüşdə diplomatik xidmətin kadr ehtiyacının təmin olunmasında Bakı Dövlət Universitetinin Şərqşünaslıq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Hüquq fakültələrinin məzunlarının mühüm rola malik olduqları vurğulanıb. Azərbaycanın 80-ə yaxın ölkədə diplomatik nümayəndəliyinin fəaliyyət göstərdiyi, bir sıra ölkələrdə yeni səfirliklərin fəaliyyətə başladığı və yeni səfirlərin təyin olunduğu diqqətə çatdırılıb. Xüsusilə Şərq ölkələri, Afrika dövlətlərində diplomatik xidmətin təşkili prosesi üçün kadrların hazırlanması istiqamətində birgə əməkdaşlıq imkanları nəzərdən keçirilib, Şərqşünaslıq fakültəsinin bu prosesə mühüm töhfə verə biləcəyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın bir neçə ölkədəki səfirləri məhz Şərqşünalıq fakültəsinin məzunlarıdır.
Görüşdə BDU-nun tələbə və məzunları üçün XİN sistemində, “Diplomatiya könüllüləri” qrupunda, Qoşulmama Hərəkatı Gənclər Təşkilatında təcrübə imkanları da müzakirə olunub. İki qurum arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişlənməsi üçün Fəaliyyət Planının hazırlanması qərara alınıb.