BDU ilə Milli Observatoriya arasında əməkdaşlıq çərçivəsində birgə Tədbirlər Planı müzakirə olunub

Bakı Dövlət Universiteti (BDU) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın nümayəndələri arasında onlayn görüş keçirilib.
BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşün məqsədi Universitet ilə Milli Observatoriya arasında imzalanmış əməkdaşlıq haqqında memorandumdan irəli gələn vəzifələrin icrası istiqamətində 2025-ci il üçün birgə Tədbirlər Planının müzakirəsi olub.
Tədbirdə BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin direktoru Qəşəm Məmmədov, Keyfiyyət Təminatı Mərkəzinin direktoru İdrak Əsgərov, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Tədrisin təşkili və idarə olunması Mərkəzinin Magistratura şöbəsinin müdiri Səbuhi Talıbov, Hüquq fakültəsinin elmi işlər üzrə dekan müavini Rahim Məmmədov, Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova, Milli Observatoriyanın Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin müdiri Ayşəm Balayeva və baş mütəxəssisi Elnarə Qəribova iştirak ediblər.
BDU ilə Milli Observatoriya arasında əməkdaşlığın əsas məqsədi universitet və elmi-tədqiqat qurumları arasında bilik və təcrübə mübadiləsini gücləndirmək, tələbələrin elmi və peşəkar bacarıqlarını inkişaf etdirmək, eləcə də tədqiqat fəaliyyətini müasir çağırışlara uyğunlaşdırmaqdır. Əməkdaşlıq çərçivəsində 2025-ci il üzrə birgə Tədbirlər Planının icrasını təmin etmək məqsədilə BDU-da İşçi Qrup yaradılıb. Qrup tərəfindən planda nəzərdə tutulan fəaliyyətlərin mərhələli şəkildə həyata keçirilməsi, nəticələrin təhlili və gələcək istiqamətlərin müəyyənləşdirilməsi nəzərdə tutulur.
İşçi Qrupun rəhbəri Qəşəm Məmmədov çıxışında qeyd edib ki, BDU ilə Milli Observatoriya arasında əməkdaşlığın genişləndirilməsi elmi və praktik baxımdan əhəmiyyətlidir. O, bu əməkdaşlığın elmi əlaqələrin möhkəmləndirilməsinə, innovasiyaların təşviqinə və tələbələrin inkişafına xidmət edəcəyini vurğulayıb.
Milli Observatoriyanın Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin müdiri Ayşəm Balayeva isə birgə Tədbirlər Planında əks olunan istiqamətlər barədə məlumat verib, görüş iştirakçılarının suallarını cavablandırıb. O bildirib ki, həyata keçiriləcək tədbirlər nəticəsində tələbə və gənc tədqiqatçıların elmi bacarıqlarının inkişafı, elmi fəaliyyətin praktik yönümünün artırılması və universitet-tədqiqat əlaqələrinin möhkəmləndirilməsi gözlənilir.