BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.
BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov Universitetin Yaponiyanın ali təhsil müəssisələri ilə əməkdaşlığının genişləndiyini və bu əlaqələrin inkişafında Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının böyük rolu olduğunu qeyd edib. O bildirib ki, 2000-ci ildən BDU-nun Şərqşünaslıq fakültəsində yapon dili tədris olunmağa başlayıb. BDU tələbələri yapon dili ilə yanaşı, yapon ədəbiyyatını, coğrafiyasını, iqtisadiyyatını, mədəniyyətini öyrənir, ildən-ilə bu sahəyə maraq daha da artmaqdadır. Şahin Pənahov eyni zamanda BDU-nun təşkilatçılığı ilə mütəmadi olaraq yapon dili üzrə natiqlik müsabiqələrinin təşkil edildiyini də diqqətə çatdırıb.
Yaponiyanın ölkəmizdəki səlahiyyətli və fövqəladə səfiri Katsuya Vatanabe Azərbaycan və Yaponiya arasında münasibətlərin inkişafında xüsusi yer tutan Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının işini yüksək qiymətləndirib, kafedrada yapon dilinin tədrisinin yüksək səviyyədə olduğunu vurğulayıb. Səfir gələcəkdə bu məzunların ixtisasları üzrə işləyərək Yaponiyanın mədəniyyətini təbliğ etməyə böyük töhfə verəcəyini vurğulayıb.
Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan fakültənin Yaponiyanın bir sıra universitetləri ilə əməkdaşlıq etdiyini, yapon dilinin öyrənilməsi sahəsində çoxşaxəli iş aparıldığını bildirib: “Ümid edirəm ki, yapon dili üzrə mütəxəssislərin sayı ildən-ilə artacaq və Yaponiya ilə olan möhkəm bağlarımız daha da güclənəcək. Fakültəmizin yetirmələri Azərbaycan-Yaponiya əlaqələrinin inkişafında öz xidmətlərini göstərəcək və bir çox nailiyyətlərə imza atacaqlar”.
Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Oqtay Cəlilbəyli “Yapon dili və ədəbiyyatı” ixtisasının yaranmasının 25 illik tarixi haqqında hesabat verib.
Tədbirdə Ərəb filologiyası kafedrasının müdiri, professor Vüqar Qaradağlı, Ərəb filologiyası kafedrasının məsləhətçi professoru Elxan Əzizov, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Mehdi Kazımov, Dünya ədəbyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin dekanı, professor Sahib Fərzəliyev, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının yapon dili üzrə baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ellada Məmmədova, Yaponiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Rəşad Quluzadə çıxış ediblər. Eləcə də “Yapon dili və ədəbiyyatı” ixtisası üzrə xarici ölkələrdə yaşayan məzunların video-təbrikləri izlənilib.
Tədbirdə tələbələrin ifasında yapon dilində mahnılar ifa olunub.
Sonda Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe “Yapon dili və ədəbiyyatı” ixtisasının 25 illik yubileyi münasibətilə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan və Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyliyə sertikifat təqdim edib.